Pandemiya ilə bağlı əhalinin böyük əksəriyyəti yay istirahətini ölkə daxilində, bölgələrdə keçirməyə çalışır. Baxmayaraq ki, məhz bu fakta görə xarici, xüsusilə Türkiyənin kurort şəhərlərində qiymətlər ötən illə müqayisədə ən azı 50-70 faizə qədər endirilib. Üstəlik, əgər əvvəlki mövsümlərdə yer çətinliyi vardısa, indi bu problem də yoxdur.
Məsələn, Türkiyənin ən məşhur kurort şəhərlərində kiçik ailə - iki böyük, bir 12 yaşa qədər uşaq üçün həftəlik istirahət 1500 dollardan (2550 manat) başlayır. Bu qiymətə təyyarə bileti, aeroportda qarşılanma, 8 gün və 7 gecə olmaqla dördulduz otel, səhər, günorta və axşam yeməyi, yolasalma daxildir.
Bu qiymətə korona testini də daxil etsək, ümumilikdə bir ailənin Türkiyənin kurort şəhərlərində 8 gün istirahəti üçün təxminən 2800 manat vəsait tələb olunur.
Bəs, Azərbaycanın bölgələrində qiymət necədir?
Axar.az xəbər verir ki, Azərbaycanın bölgələrində otel qiymətləri ikiadamlıq otaqlar üçün ən yaxşı halda 100 manatdan başlayır, ailə üçün otel otaqları isə 130 manatdan aşağı deyil və bu, “ulduzsuz”, adi otellərə aiddir.
Bu cür istirahət mərkəzlərində əyləncə üçün demək olar ki, heç bir şərait yoxdur: o qədər də geniş olmayan ərazidən kənara turlar təşkil edilmir, uşaq attraksionları, hətta bilyard, tennis kimi adi oyunlar da mövcud deyil.
Xidmətə yalnız səhər yeməyi daxildir ki, o da 8-də başlamalı olsa da, saat 10-a qədər xidmət “donur”: personal azlığı və xidmətçilərin yorğunluğu, qeyri-peşəkar qulluq demək olar ki, əksər bu tip otellərdə özünü göstərir.
Nahar və şam üçün təklif edilən menyuda isə yalnız ənənəvi kabablar, sac və s. tipli yeməklər var. Yüngül yeməklər istirahət mərkəzlərinin menyusuna daxil deyil və bunun da səbəbi odur ki, mümkün olduqca müştəridən daha çox pul qoparılsın.
Beləliklə, heç bir əyləncəsi olmayan otellərdə yalnız istidən qorunmaq üçün bir kiçik ailənin günlük xərci ən azı 300-350 manatdan başlayır. Əgər bu otellərdə bir həftə hövsələniz çatıb qala bilsəniz, ən azı 2100-2400 manat civarında xərcləməlisiniz. Bura həmin otelə gedib-qayıdarkən istifadə etdiyiniz nəqliyyat xərci daxil deyil.
Daha komfortlu, xüsusi əyləncələri, musiqisi, hovuzu, turları, attraksionları olan istirahət mərkəzləri də ölkəmizdə az deyil və bu mərkəzlərdə xidmət daha üstündür. Ancaq bu tip otellərdə iki adam üçün otel otağı ən azı 210 manatdan başlayır, ailəlik otel otaqlarının qiyməti isə 250 manatdır.
Bu otellərdə də otel qiymətinə nahar və şam yeməyi daxil deyil və əlbəttə ki, menyu da digər otellərdən fərqlənmir. Bakıdakı bahalı restoranlarla təxminən eyni qiymət təklif edilir ki, buna görə də kiçik ailənin bir günlük xərci 500 manatdan ucuz olmur. Bu isə 7 gün üçün ən azı 3500 manat edir.
Nəticə odur ki, pandemiya şəraitində bir müddət işləməyən turizm obyektlərinin fürsətdən maksimum istifadə edərək, yerli turistləri soymağa girişməsi nəticəsində Azərbaycanın ən ucuz, əyləncəsi olmayan, zəif xidmət göstərən otelinin qiyməti Türkiyənin, məsələn, Bodrum şəhərindəki yol xərcləri də daxil olmaqla, 4-5 ulduzlu istirahət mərkəzlərinin qiymətlərindən daha bahadır. Bodruma gedən ailənin fərqli mühit, şəhər, interyer, uçuş, tarixi yerlərə tur, xüsusi menyular, bir-birindən maraqlı əyləncə imkanlarını nəzərə alsaq, bir azərbaycanlı ailə niyə həmin vəsaiti Azərbaycanda xərcləməlidir?
Bu barədə yəqin ki, otel biznesi sektorunda işləyənlər düşünməlidir.