Bu günlərdə tarixi hadisələrə şahidlik edirik. İki qardaş dövlətin dövlət başçıları Azərbaycanımızın gözü olan Şuşada tarixi görüş keçirdi.
15 iyun 2021-ci il Şuşada Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mütəfiqlik müqaviləsi olan Şuşa Bəyannaməsi imzaladılar.
Bu sənədlə də Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədi olduğu bir daha dünyaya bəyan edildi. Şuşa Bəyannaməsi böyük tarixi və strateji əhəmiyyətə malikdir. Qardaş ölkələrin bundan əvvəl də aralarında strateji müttəfiqlik münasibətlərini müəyyən edən sənədlər, həmçinin dövlətlərarası tərəfdaşlıq müqavilələri imzalanıb.
Şuşa Bəyannaməsinin özəlliyi ondan ibarətdir ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına qarşı üçüncü dövlət tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, beynəlxalq hüquq kontekstində bu təhdid və ya təcavüzün aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərilməsini qeyd olunur.
Dövlət başçıları bu tarixi sənədi iki dövlət aasında münasibətlərin yeni mərhələsi üçün yol xəritəsi kimi qiymətləndirirlər.
Vətən müharibəsi başa çatdıqdan sonra cəmiyyətdə haqlı narahatlıq var idi. Bu gün isə bütün bu narahatlıqlara son qoyuldu. Dövlətlərimiz arasında imzalanan bu ittifaq həm ölkəmiz üçün həm də digər dövlətlər üçün psixoloji mexanizm oldu. Qars müqaviləsindən yüz il sonra oxşar bəyannamənin imzalanması Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsini bir daha sübut etmiş oldu.
Azərbaycan ilə Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin açılmasını xüsusi qeyd etmək lazımdır. Dəhlizin regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası inkişafı baxımından o cümlədən, Böyük Britaniyadan Çinə qədər hər kəsin marağında olan dəhlizdir. Bu gün Çindən Londona gedən hər hansı əmtəə ya Süveyş kanalaına, ya da Şimal dənizlərinə möhtacdır. Bunun üçün dünya ticarəti üçün modern dəmiryolu layihələri gələcək üçün çox önəmlidir.
Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, region ölkələri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri dünya dövlətləri üçün ən gözəl nümunədir.
Azərbaycan artıq rəsmən qlobal sferaya daxil oldu. Üçüncü bir ölkənin Azərbaycana hərbi müdaxiləsi ilə Türkiyə BMT qaydaları çərçivələsində rəsmən hərbi toqquşmaya daxil olacaq. Bundan sonra Azərbaycanda baş verə biləcək müharibə artıq qlobal əhəmiyyət daşıyacaqdır.
Beləliklə Şuşa Bəyannaməsi Azərbayacanın və Türkiyənin strateji maraqlarını qorumasına və geosiyasi mövqelərinin möhkəmlənməsinə daim xidmət edəcək olduqca önəmli bir sənəddir. Bəyannamə hər iki ölkənin geosiyasi aləmdə tam hüquqlu subyekti olaraq mövqelərini və önəmini artıracaqdır.