Prezident İlham Əliyevin imzaladığı “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” sərəncam ölkə vətəndaşları tərəfindən birmənalı olaraq alqışla qarşılanıb.
Bu məsələyə münasibət bildirən ictimaiyyət nümayəndələrindən Pirallahı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin direktoru Manaf Manafov bu qənaətdədir ki, sərəncamın məhz may ayının 7-də imzalanması həm də rəmzi məna daşıyır:
- İndiyə qədər son 28 il yarım ərzində hər il may ayının 8-i Şuşanın erməni silahlı birləşmələri tərəfindən işğalı günü kimi qeyd edilirdi. Düz yarım il əvvəl – 2020-ci il noyabr ayının 8-də qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Şuşanı işğaldan azad edəndən sonra Azərbaycan cəmiyyətində bundan belə 8 may təqvim gününün əlaməti barədə müzakirələr gedirdi. Əlbəttə, tarix tarixdir, onun səhifələrini dəyişmək olmaz. Bu tarix erməni faşizminin sübutu kimi xidmət etməkdə qalmalıdır. Sadəcə olaraq, indiyədək təqvimin 8 may günündə Şuşanı azad edəcəyimizə inandığımızı deyirdik, indi isə artıq “Şuşa bizimdir!” deyirik. Məlum 7 may sərəncamı isə bu nidanın bir daha ucadan təsdiqi, ölkə rəhbərinin Şuşaya xüsusi önəm verdiyinin növbəti dəfə nümayişi və əlbəttə ki, 8 may sindromunun qırılldığının xatırladılması oldu.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev hələ bu ilin əvvəlində - yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etmişdi. Vurğulamışdı ki, Şuşa şəhəri buna layiqdir və nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Artıq şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir.
Şübhəsiz ki, sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə Şuşa şəhərinin tarixi görkəminin bərpasına, əvvəlki şöhrətinin özünə qaytarılmasına və ənənəvi dolğun mədəni həyatına qovuşmasına, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğinə nail olacağıq.
M.Manafov həmçinin xatırlatdı ki, mayın 10-da anadan olmasının növbəti ildönümü qeyd olunacaq Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana göstərdiyi misilsiz xidmətlər bir daha yada salınarkən, Onun Şuşanın tərəqqisi naminə həyata keçirdiyi işlərə də işıq tutulacaq:
- Ulu Öndər Heydər Əliyev Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinə böyük qayğı göstərərək onun inkişafına çalışırdı. Ulu Öndər Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. 1970-ci illərin ikinci yarısında Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşanın inkişafı məqsədilə bir neçə xüsusi qərar qəbul edilmişdi. Ümummilli Lider Heydər Əliyev Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdi ki, Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim uca tutan Prezident İlham Əliyev də Vətən savaşı zamanı müsahibələrinin birində “Şuşasız bizim işimiz yarımçıq olar” demişdi. Prezident İlham Əliyev bu vədini də yerinə yetirdi. Və xalqımızın tarixində, mədəniyyətində, qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərinin işğaldan azad edildiyi günün - 8 Noyabrın Azərbaycanda Zəfər günü kimi təsis edilməsi haqqında sərəncam imzaladı. Bu qərar bütün ölkədə sevinclə qarşılandı. Elə dövlət başçısı özü də atası, Ümummilli Lider Heydər Əliyevin Şuşanın işğaldan azad edilməsilə bağlı vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi. Dövlət rəhbəri bu şəhəri mədəniyyətimizin paytaxtı elan etməklə Şuşanın tarixi kimliyini bir daha özünə qaytardı. Bu qədim şəhərimizin dəyərini, qiymətini bütün dünyaya bir daha bəyan edərək mesaj verdi. Dünya Azərbaycanın mədəniyyət paytaxtının öz sahiblərinə qaytarıldıqdan sonra necə möhtəşəm şəkildə dəyişiləcəyini görəcək. Azərbaycan bu torpaqlara yenidən həyat qaytaracaq, dağıdılmış şəhərlərə ruh və can verəcək.
Qələmə aldı: Z. Vəliyev