“Xalqın ruh yüksəkliyi, qələbə əzmi elə bir səviyyədə idi ki, bizim qalib gələcəyimizə qətiyyən heç bir şübhə yeri qalmırdı. Ölkə Prezidenti cənab İlham Əliyev 2003-cü ildən bəri yürütdüyü düşünülmüş və məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq Azərbaycanın yeni tarixinin ən şərəfli səhifəsini yazdı” – bu sözləri saytımıza verdiyi müsahibəsində Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş mühasibi Vüqar Həmidov deyib.
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbəni şərtləndirən amillər barədə əməkdaşımızın suallarını cavablandıran Vüqar Həmidov bildirmişdir ki, bu qələbəyə görə biz ilk növbədə Ali Baş Komandanımızın yenilməz iradəsinə, xalqın sarsılmaz birliyinə və ordumuzun gücünə borcluyuq. Müsahibimizin sözlərinə görə məhz bu üç amilin vəhdəti şanlı qələbəmizi tarixi zərurət kimi ortaya qoymuşdur: “Azərbaycanın öz torpaqlarını azad etmək üçün apardığı bu ədalətli müharibədə qalib gəlməsini bir çox amillər təmin edib. İlk növbədə güclü orduya sahib olmaq üçün həm insan resursları, həm də müasir texnologiyalara əsaslanan silahlar tələb olunur. Biz hamımız şahid olduq ki, Azərbaycanda hətta səfərbərliyə çağırılmayan insanlarımız da cəbhəyə göndərilmək üçün əllərindən gələni edirdilər. Xalqın ruh yüksəkliyi, qələbə əzmi elə bir səviyyədə idi ki, bizim qalib gələcəyimizə qətiyyən heç bir şübhə yeri qalmırdı. Əlbəttə ki, bu ruh yüksəliyi də xalqın öz dövlətinə, öz Prezidentinə olan etimadından, inamından və sevgisindən qaynaqlanır. Məhz bu inam və sevgi xalqı və ordunu Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında bir dəmir yumruq kimi birləşdirdi ki, sonda da həmin yumruq bir zərbə ilə düşmənin belini qırdı və onu təslim olmağa məcbur etdi.”
Daha sonra Vüqar Həmidov bildirib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi bu tarixi qələbə həmçinin Azərbaycan xalqının öz Prezidentinə olan sevgisinin və sarsılmaz inamının daha bir təcəssümü oldu: “Möhtərəm Prezidentimizin tarixi qələbəmiz münasibətilə xalqa etdiyi müraciətində də dediyi kimi, məhz Azərbaycan xalqının öz dövlətinin başçısı ətrafında sıx birləşməsindən yaranmış dəmir yumruq düşmənlərimizin başını əzmişdir. Azərbaycanın otuz il işğal altında qalan torpaqlarını azad etməklə Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz xalqın qürurunu özünə qaytardı. Artıq Azərbaycan vətəndaşları öz ölkələrində məcburi köçkün adı daşımaq məcburiyyətində olmayacaqlar. İnsanlarımız işğaldan azad edilmiş dədə-baba yurdlarına qayıdacaq, həmin torpaqlarda həyat yenidən başlayacaq. Bu günlərdə biz hamımız bu möhtəşəm qayıdışın ilk addımlarının da şəxsən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən necə atıldığını qürurla izlədik. Məhz bu baxımdan da möhtərəm dövlət başçımızın işğaldan azad edilmiş rayon və şəhərlərimizə etdiyi tarixi səfərlərin əhəmiyyəti son dərəcə böyükdür.”
Vüqar Həmidov ordu quruculuğu üçün güclü iqtisadiyyatın zəruri şərt olduğunu vurğulayaraq bunu da qeyd etmişdir ki, bu gün Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunmasında məhz son illər ərzində həyata keçirilən uğurlu islahatlar əsas rol oynamışlar: “Etiraf olunmalıdır ki, 2003-cü ildən bəri Azərbaycanda Heydər Əliyev siyasətini uğurla davam etdirən Ölkə Prezidenti cənab İlham Əliyev bu günə qədər qəbul etdiyi hər bir qərarında ilk növbədə məhz Azərbaycanın iqtisadi inkişafını düşünmüş, bu sahədə ən yüksək nəticələrin əldə olunması üçün bütün lazımi tədbirləri həyata keçirmişdir. Ali Baş Komandan 17 il ərzində daim deyirdi ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Möhtərəm dövlət başçımız məqsədyönlü fəaliyyəti və ciddi səyləri nəticəsində bunu təmin etdi. Bizim kifayət qədər güclü iqtisadi potensialımız və maliyyə resurslarımız imkan verdi ki, iqtisadi müstəqilliyi tam təmin edək. Bu da qələbənin əldə edilməsində xüsusi rol oynayırdı. Çünki əgər biz iqtisadi cəhətdən müstəqil olmasaydıq, biz siyasi müstəqillik əldə edə bilməzdik. Siyasi müstəqillik olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik.”