Xəbər lenti



Tanınmış teleaparıcı İradə İsak “Qafqazinfo”ya müsahibəsində telekanalların bugünkü durumu və çıxış yolları haqda danışıb:

- Bir neçə ildir televiziyadan uzaqlaşmısız və artıq iştirakçı yox, tamaşaçısız. Bir TV mütəxəssisi kimi son illərdə televiziya sahəsində hansı dəyişikliklərin olduğunu düşünürsüz?

- Müsbət dəyişikliklər təbii ki, var. Amma təəssüf ki, biz bunu ancaq texniki inkişaf kimi qəbul etməliyik. Qoyulan yeni LED ekranlar, tərtib olunmuş böyük studiyalar bu təbii ki, çox lazımlıdır. Ancaq hələ də yaradıcılıq tərəfdən əsaslı inkişaf görülmür, axsamalar çoxdur. Əsas da TV nitqi, üslubu hələ tam formalaşdırıla bilmir. Verilişlərin hazırlıq keyfiyyəti sadəcə montaj üzərində artıb, ssenarilər, yazı üslubu o qədər də cəlbedici deyil. Xüsusən maraqlı məzmun, insanların maraqla gözlədiyi yeni verilişlərin içərisində böyük artım yoxdur.

- Sizcə, hələ də tamaşaçı, vətəndaş hüquqlarını, həssas məqamları nəzərə almayan verilişlərin qalmasının səbəbi nədir?

- Bu cür verilişlərin qalmasının səbəbi təəccüblü də olsa, məhz tələbatın olmasındadır. Fikir versəniz, belə verilişlər sponsor cəhətdən korluq çəkmir. Sponsorun da əsas tələbi reytinqli, baxılan verilişləri maliyyələşdirməkdir. Tamaşaçını yox, kütləni cəlb etmək üçün də “planka” aşağı salınır. Bir veriliş bir ilə yaxın efirdədirsə və kifayət qədər sponsorları varsa, TV-lər belə verilişi bağlamır. Çünki onlar kanalın əsas maliyyələşdiyi proqramlardır. Süd verən inəyi kim kəsər? Amma nəzərə alsaq ki, 15 il bundan əvvəl sponsorluq qiymətləri zamana görə daha yüksək idisə, indi kiçik məbləğə bir neçə şirkəti cəlb etməklə belə verilişləri ayaqda saxlamağa çalışırlar. Aparıcının da vaxtı verilişin yarısını çoxsaylı sponsorlar haqda məlumatları oxumağa gedir. İlk baxışda bunu verilişin çox maraqlı olması kimi qəbul etmək olar, amma belə deyil. Yəni qiymətlər ucuzlaşdırılır, buna görə də qoyulan kvotanı doldurmaq üçün çoxsaylı şirkətlər əməkdaşlığa cəlb edilir. Məhz bu səbəbdən belə verilişlər kanalların gəlirli verilişi sayılır və uzunömürlü olur.

Telekanallar hər mövsümdə belə desək, islahat apardıqlarını, yeni verilişlər efirə buraxdıqlarını açıqlasalar da, yeni verilişlər köhnələrin eynisi, hətta daha bayağısı olur...

- TV-lər maraqlı layihələrə lazımi məbləği ayıracaq konkret büdcəyə ya sahib olmurlar, ya da yeni layihələrə pul xərcləmək istəmirlər, az məbləğə isə yaxşı işlər görmək olmur. Olur köhnə hamam, köhnə tas. Çox zaman yeni layihə təqdim edən prodakşnlara və şəxslərə veriliş üçün sponsor cəlb edilməsi əsas şərt kimi qoyulur. Təbii ki, bu da keyfiyyətə böyük təsir edir. Belə verilişlərlə isə real mühiti dəyişmək olmur.

Nəyə görə efir TV təcrübəsi və anlayışı olmayan təsadüfi adamlara həvalə olunur?

- Bayaq dediyim məsələ. Əlahəzrət sponsor. Qəribədir ki, təcrübəli TV əməkdaşları sponsorları tapa bilmir. Amma arada gəzən, bol vədlərlə şirkətləri və TV rəhbərləri inandıra bilənlər meydanı tuturlar. TV əslində insanları ulduz da, rəzil də edə bilir. Televiziya rəhbərləri rəhbərlik etdikləri kanalın vaxtını kirayəlik ev kimi satışa çıxarıb. Hansı layihə yaxşı pul ödəyir, efirin saatını ona satırlar. Belə şərtlərlə çalışan məkanlarda keyfiyyətin olmaması təbiidir. TV də bir iqtisadi strukturdur, o da real bazara çıxmalı, real rəqiblərlə yarışmalıdır. Əks halda nə pul olacaq, nə keyfiyyət.

- Amma eyni zamanda sosial şəbəkələrdə müzakirələr, rəylər göstərir ki, artıq Azərbaycanda auditoriya dəyişib və tələbləri fərqlidir. Kütlə ucuz şouya gülsə də, ictimai rəyi formalaşdıran şəxslər ciddi müzakirələrin aparıldığı sosial verilişlər tələb edirlər. 

- TV nəyi göstərirsə, insanlar ona baxır. Baxdıqca öyrəşir, öyrəşdikcə tələbat yaranır. Buna deyirlər, ehtiyacın süni şəkildə yaradılması. İllərdir Azərbaycan tamaşaçısının damarına belə zəhər yeridilir. Başqa nə gözləmək olar ki? Hansı tamaşaçı yetişsin?

Məlumdur ki, telekanallar ən asan pul qazana biləcək şirkətlərdir. Maraqlı, hərtərəfli efir və qazanc öz axarı ilə gələcək. Bizdə TV-lər pulu niyə çətinliklə qazanır?

- Bəli, təbii ki. ANS öz resursları ilə maliyyələşən kanal idi. Ən böyük əməkhaqqını da o verirdi. Xatırlayıram, hətta Lider TV öz əməkdaşlarını evlə belə təmin edə bilirdi. Yüksək qonorar, mükafatlar təyin olunurdu. Yanlış idarəetmə, bazarın səhv analizi, ucuz qazanca meyl, televiziyaların idarəetməsinə yanlış kadrların cəlb olunması belə mənzərə yaratdı. Amma halbuki dünyanın ən gəlirli biznes sahələrindən biri televiziyadır. Əbəs yerə deyil, dünya TV ulduzlarının adı ən çox pul qazanan insanlar arasındadır. Təsəvvür edirsinizmi, onların təmsil etdiyi TV-lərin qazancı hansı yüksək səviyyədədir? Yanlış idarəetmə, büdcədən asılı qalmaq meyli televiziyalarımızı belə həddə gətirib çıxarıb.

Son illərdə bəzi kanallarda rəhbər dəyişiklikləri olub, birinci şəxsin dəyişməsi efirin səviyyəsinə təsir edə bilirmi?

- Hər sahədə olduğu kimi, TV-də də çox şey rəhbərdən asılıdır. Necə ola bilər ki, ağıllı idarəetmə yanlış nəticəyə səbəb olsun? Elə rəhbərlər tanıyıram ki, təyinatlarının ilk aylarında taksi ilə gəlib-gedirdilər. Bir ildən sonra xeyli varlandıqları hiss olunurdu. Yadınızdadırsa, vəzifədən çıxarıldıqdan sonra ATV rəhbəri Vüqar Qaradağlının sərvətinin böyük siyahısı dərc edildi. Bir çoxu da TV-yə təyinatından sonra əldə olunmuşdu. Necə ola bilir ki, qısa təyinatdan sonra özləri xeyli varlanır, TV isə kasıblayır, normal layihələr efirə verə bilmirlər? Hər halda vəziyyət özü hər şeyi daha yaxşı danışır və göstərir.

Bəzi məşhur aparıcılarımız sosialyönümlü verilişləri belə ifrat şouya çevirməyi bacarıblar. Niyə Azərbaycan efirində, məsələn, Türkiyədəki peşəkar aparıcılardan yoxdur?

- Yaxşı aparıcı həqiqətən əjdahadır. Təsəvvür edin, yaxşı aparıcı kimdir? O həm yaraşıqlı, xarizmatik, həm nitqi, intellekti mükəmməl, həm psixoloq, həm diplomatik və aktyorluq bacarıqları, dil bilgiləri, gözəl qələmi, natiqliyi, hazırcavablığı, yumoru, siyasi savadı, tarixi, coğrafi, elmi bilgiləri, mütaliəsi geniş, dəbi bilən, təqib edən, yüksək etikaya sahib olan, yəni yüzü birində insan olmalıdır. Belə nə qədər aparıcımız var? Keçmişdə vardı. Rafiq Hüseynov, Qulu Məhərrəmli, Xəyal Tağıyev, Mehriban Ələkbərzadə, Sevil Nuriyeva, Qulp Mübariz, İlhamiyyə Rzayeva, Həmid Herisci, Kamran Həsənli, İlqar Əlfioğlu, Ləman Ələşrəfqızı və s. misallar göstərə bilərəm. İndi nə qədər belə aparıcımız var? Mən indi Könül Arifi, Leyla Quliyevanı, Rövşanəni, Lalə Azərtaşı, Səyyarə Səyyaf, Turan İbrahimov, Anar Nəcəfli və s. misal göstərə bilərəm.  Amma bu aparıcıların hamısı gənc görünsələr də, yaşları 40-ı haqlayıb. Yenilərdən kim var?

İndi diksiyası və siması normal olan birini görəndə şükür edirik. Bəs indi bazalı nə qədər gənc aparıcı var? Bilmirəm. AzTV-nin daxildə fəaliyyət göstərən akademiyası hələ ki, ancaq düzgün diksiyalı aparıcı yetişdirməklə məşğuldur, diqqəti cəlb edən telejurnalist, reportyor, yaxşı müxbir hələ görünmür. Robot aparıcılar erası bitib. TV telejurnalist istəyir. Aparıcı verilişin siması və kanalın üzüdür, amma o demək deyil ki, bütün verilişin yükü aparıcının çiynində olmalıdır. Çox vaxt aparıcını layihə rəhbəri təyin edib hər şeyi ona yükləyirlər. Və yaxud da deyirlər, yeni veriliş istəyirsənsə, özünə ideya düşün tap, layihə yaz. Aparıcı hansı səlahiyyətlə ordan-burdan kopyaladığı “layihə”ni efirə çıxarır?

Kanalın özünün ideya generatorları olmalıdır. Bunca məsuliyyətli işi necə yalnız bir şəxsin üzərinə yükləmək olar? Bu, böyük məsuliyyətsizlikdir. İdeya generatorları bütün kanal üçün verilişlər düşünməli, uyğun aparıcıları ora hazırlamalıdırlar. Təbii, aparıcının da fikrinin önəmi var, amma bütün məsuliyyəti onun üzərinə qoyuruqsa, əlavə ekspert baxışı, yəni redaktor, rejissor, prodüser analizi yoxdursa, o verilişə necə komanda işi demək olar, orda hansı keyfiyyətdən söhbət gedə bilər? Tamaşaçı elə bilir ki, efirə gedən hərf səhvində də aparıcı günahkardır. Amma titr yazan əməkdaşın başısoyuqluğundan xəbərsizdir. Titr yazan belə elə düşünür ki, ona yazılar hazır gəlməlidir, onu da aparıcı, ya redaktor etməlidir.

Ümumiyyətlə, televiziyadakı problemlərin həlli üçün təkcə aparıcının dəyişməsi kifayətdirmi? Aparıcı prosesdə nə qədər rol oynayır?

- Aparıcı sadəcə TV-nin mətbəxində bişən digər adi əməkdaşlardan biridir. Onun düzgün peşə vərdişləri, etikası, yanaşması, məktəbi olmalıdır. İndi aparıcılar bahalı vizajistin yanından uzun kipriklərlə çıxıb, brend maqazinin paltarlarını reklam etməklə işini bitmiş sayır. Verilişə hazırlıq zəifdir, qonaqlarla əvvəldən söhbət edilməyib, süjetlərə baxılmayıb, müsahiblər instruktaj edilməyib. Qonağın hazırlığı yalnız qonağı qrim otağında pudralamaq deyil, danışıq müddətinə qədər ona məlumat verilməlidir. Bu səbəbdən MTRŞ işi tez-tez verilişləri cərimələmək və bağlamaqla həll edir. Amma bu çarədirmi?

Nələri efirə verməməklə bağlı verilişlərdə xüsusi və bəlli qaydalar varmı? Ondan əməkdaşların nə qədər xəbəri var? Aparıcı studiyadadır, indi bütün verilişlər efirə 5 dəqiqə gecikmə ilə verilir. Bəs redaktorlar hara baxır? Onlar lazımi yerdə yanlış ifadələri vaxtında bağlamalıdırlar.

Verilişlərdə bir nəfər azı 3 adamın işini görür. Xəbəriniz var? Redaktor həm prodüser, həm müxbirlik, hətta arada rejissorluq edir. Və yaxud da əksinə. Maaş da eyni maaş. İşin sonunda bitab düşən əməkdaş işindən necə zövq alsın? Zövq yoxdursa, keyfiyyət ola bilərmi?

Televiziyalarımızın dağıdılmış sistemi, məktəbi, iş prinsipi hazırda dünya standartlarına uyğunlaşmağa imkan vermir. Belə görünür ki, bu xəmir hələ çox su aparacaq.

Murad Əhməd

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov