Xəbər lenti

sabir
Sabir Rüstəmxanlı

Ölkədən kənarda, məsələn Rusiyada qarşıma çıxan müxtəlif səviyyəli kitabxanalarda Azərbaycan ədəbiyyatının rus dilində təqdimatı ilə, yəni rus dilli kitablarımızla maraqlanıram və hər yerdə istisnasız olaraq eyni mənzərəni görürəm; deyək ki, bizimlə oxşar taleyi yaşamış xalqların ədəbiyyatı rus dilinə bizdən ən azı iki, üç dəfə çox çevrilib, nəşr olunub və kitabxanalarda da buna uyğun yer tutur. Məsələn, bir əyalət və ya universitet kitabxanasında gürcü, litva, latış ədəbiyyatlarını on beş- iyirmi müəllif təmsil edirsə bizdən ancaq üç-dörd müəllifin kitabını tapa bilərsən; bunlar da əsasən sovet dövründə tərcümə olunmuş kitablardır və ya rusca yazan müəlliflərin əsərləridir.

Ədəbi jurnallarda ədəbiyyatımızın tutduğu yer də təxminən buna bənzəyir. Bu durumun bir çox nədəni var. Ancaq əsas səbəblərdən biri budur ki, deyək ki, Gürcüstanda, Litvada, Latviyada bu sahəylə məşğul olan adamlar və qurumlar illər uzunu milli ədəbiyyatlarının dəyərli nümunələrinin yabançı dillərə çevrilməsi və yayılmasına can yandırıblar, əhəmiyyətini dərk etdikləri bu işlə ciddi məşğul olublar; ardıcıl və obyektiv bir ədəbi siyasət aparılıb, yoxsa imkan düşən kimi hər kəs özünün, öz atasının, babasının, qohum-qardaşının kitablarını irəli çəkməyibdir. Əgər dəyəlidirsə qoy onlar da nəşr edilsin; buna kimsə söz deməz! Lakin azacıq bir imkan yaranan kimi onu da ancaq yaxınlarının zəif kitablarına sərf etmək və yaxşı əsərlər qala-qala ədəbiyyatımızı aşağı səviyyəli kitablarla tanıtdırmaq günahdır və xeyirdən çox, zərər gətirir.

Əgər adlarını çəkdiyim gürcü, litva , latış ədəbiyyatları bizim ədəbiyyatdan qədim və zəngin olsaydı, bu mənzərəyə təəccüblənməzdim; lakin öz yetirdiyi nəhəng söz ustaları və humanist ideyaları etibarı ilə bizim ədəbiyyatımız daha zəngindir və dünyaya çıxarılmalı əsərlərimiz də az deyil. On illər boyu humanitar siyasətimizə başçılıq edən məmurlarımız öz ədəbiyyatımızı az oxuyublarsa, dilimizi və mədəniyyətimizi özləri yetərincə bilməyiblərsə, təbii ki, başqalarına da tanıtdıra və çevirtdirə bilməzlər. Əvvəl özün oxumalı, bilməli, sevməlisən ki, başqalarına da sevdirəsən. Dövlət xadimlərimizin, rəsmilərimizin milli ədəbiyyatımıza maraqları və tanışlıqları sıfıra yaxın bir səviyyədə firlanırsa onlardan yaxşı ilə pisi ayırıb seçmək gözlənilməz… Oxusalar da öz ədəbiyyatımızı, əcnəbilər kimi, daha çox tərcümə olunandan sonra, rusca oxuyarlar..

Bu sahəylə məşğul olanların çoxu kitaba ancaq müəllif və oxucu işi kimi baxır, millətin və dövlətin taleyində ədəbiyyatın hansı rolu oynadığı ilə maraqlanmırlar. Əslində isə əsl milli ədəbiyyat dövlət siyasətinin, milli ideologiyanın əsas dayaqlarından biridir. Bir uğurlu kitab xalq üçün beş dənə komitədən, on dənə təbliğat şöbəsindən, yüz iyirmi dörd min məmurdan daha çox iş görə bilir. Bir istedadlı yazıçı öz xalqına hətta üst-üstə götürülmüş bir neçə iqtidarlı-müxalifətli siyasi sistemin gətirə bilməyəcəyi şöhrəti, hörməti qazandıra bilər. Dünyada bunun çoxlu örnəkləri var.

İkinci yazı

Sosial mediada evsiz-eşiksiz, işsiz, gündəlik çörək puluna möhtac, ədəbi potensialı xırda ehtiyacların əsirinə çevrilmiş, lakin istedadlı müəlliflərin öz ağır durumları haqqında incidilmiş, sındırılmış qürurla qələmə alınan özdurum yazılarını oxuyanda ürəyim sökülür. Jurnalistlər üçün tikilmiş evlər yadıma düşür, fikirləşirəm ki, kaş belə evlərdən biri də yazıçılar üçün tikiləydi və özəlliklə gənc qələm sahiblərinə paylanaydı…

Yazıçılarımızın qayğılarından danışarkən kimlərsə tələm- tələsik müharibəni, qaçqınlarımızın ağır durumunu ortaya atacaqlar. İyirmi il öncə onlarla razılaşmaq olardı, lakin indi vəziyyət fərqlidir; qaçqın və köçkünlərin evlə təmini üçün dövlət xeyli iş görüb. Şübhəsiz bu iş davam etdirilməlidir. Qaçqın adından sui-istifadə edənlərin qazanmaq çılğınlığı, qaçqınların inkaredilməz ehtiyaclarını arxa plana keçirməməlidir. Əhalinin hər xırda tələbinin qarşısını müharibə və qaçqın bəhanəsi ilə kəsmək olmaz…

1534424169_mg-1381

Son illərdə qaçqınlar və məcburi köçkünlər üçün xeyli şəhərciklərin salınmasına, onların əksəriyyətinin yeni qəsəbələrdə yerləşdirilməsinə baxmayaraq, yazıçıların Şüvələndəki Yaradıcılıq evini tutmuş qaçqınların evlə təmini yada düşməmişdir. Halbuki ilk növbədə bu ev boşaldılmalı idi. Çünki yeni nəsil yazıçıların da böyük bir hissəsi qaçqındır; Qarabağın taleyini də bədii-publisistik əsərləri ilə gələcək nəsillərə yazıçı çatdırmalıdır. Bir bina, Yaradıcılıq evi qaçqınların taleyinə az təsir göstərir, lakin on illərlə öz balaca iş mühitindən məhrum edilməsi ədəbiyyatımız üçün çox ağır itkidir. İndiki halda həmin ev bir çox qaçqın, köçkün, evsiz yazıçı üçün müvəqqəti sığınacaq yerinə çevrilər və ədəbi ictimaiyyətimizin bəzi qayğılarını həll edərdi. Vaxtı ilə həmin ev ziyalılarımızın bir çox görüşlərinin, rəsmi tədbirlərin keçirildiyi yer idi. Kənar dövlətlərdən gələn yazıçılar orda dincəlir, həm də ölkəmizlə, yaradıcı adamlarımızla tanış olurdular; bu ənənə bərpa olunsa Azərbaycan həqiqətlərini dünyaya çatdırmağın yeni bir kanalı açılardı… Bütün bunları nəzərə alıb Şüvəlan yaradıcılıq evini tezliklə bərpa etmək lazımdır. Üstəlik dağlarda da belə bir ziyalı ocağı tikilməlidir və dövlətimiz üçün bu, böyük bir problem deyildir. Bir vaxtlar Şuşada da belə yaradıcılıq evi olmuşdur… İndi yaradıcılıq orqanlarımız belə iş şəraitindən tamamilə məhrumdur.

Neçə illərdir Şabran rayonu ərazisində, yaylada yaradıcı təşkilatları üçün yaradıcılıq evləri tikintisinin söhbəti gedir. Deyilənə görə bu məqsədlə yer də ayrılmışdır. Təəssüf ki, bu işin reallaşması uzanır. Beləliklə, stresslərlə, psixoloji sarsıntlarla dolu olan otuz ildə qələm sahiblərinin rahat işləməsi və mənəvi reablitasiyası istiqamətində hökumət heç bir iş görməmişdir; yazıçılarımızın bütöv bir nəsli ehtiyac və ümid içində gəncliyini yaşamadan qocalmışdır.

Yazıçıları iqtidar-müxalifət qarşıdurmasında tərəfə çevirmək və ya paylaşmaq, bütövlükdə dünyanın və cəmiyyətin dərdlərini dilə gətirən qələm sahiblərini əsassız yerə hər hansı bir siyasi quruma qoşub damğalamaq və onlara münasibəti bu düşüncəylə formalaşdırmaq da doğru deyildir. Düzdür, yazıçı tərəfsiz və mövqesiz deyildir, lakin bunu yalnız siyasi partiyaların meydanında axtarmaq doğru deyildir. Yazıçı xalqın və haqqın yanında olmaq istəyir və mümkün qədər gündəlik və xırda siyasətdən kənar, uzun ömürlü milli idealları düşünür…

Üçüncü yazı

Yüzillər boyu xalqın milli varlığı, dili, tarix yaddaşı, mübarizə əzmi, bütövləşmə və azadlıq eşqi, gücünə, müstəqil yaşamaq qabiliyyətinə inamı, mənəvi dəyərləri məhz ədəbiyyatın, yazılı və ya şifahi bədii sözün sayəsində qorunmuşdur. Siyasət fars və rus işğalına, ilahiyyat ərəb işğalına yol açanda, xalqı öz Azərbaycan- türk kökünün üstündə daim canlı saxlayan ədəbiyyat olmuşdur. Bunu bilən düşmənlər tarix boyu ilk növbədə millətin söz deyərlərini, düşüncə sahiblərini, ana dilini hədəfə alıb, bizi yabançı dillərin, yabançı ədəbiyyatın, yabançı düşüncənin əsirinə çevirməyə çalışıblar. Buna görə də ədəbiyyat tarix boyu mövcud olmuş müstəqil dövlətlərimizin əsas memarlarından biri sayılmalıdır. “Qılınc və qələm” birliyi də burdan qaynaqlanır və dövlətin varoluşunda ədəbiyyatın rolunun ordunun rolundan az olmadığını göstərir.

Yazıçının əsas qayğısı qələm və kitab olmalı, öz peşəsi onun həyatını təmin etməlidir. Nəzərə alınmalıdır ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin də, bu gün bərpa olunmuş müstəqil dövlətimizin də ən böyük təbliğatçıları və tərəfdarları yazıçılar olmuşdur. Meydanlar və xalq hərəkatı sənət adamlarının tərənnüm etdiyi milli ideyalarla tərbiyələnmişdir, insanlar millətin vicdanı, cəmiyyətin barometri sayılan ədəbiyyata inanmış, bu zümrədən olan ziyalıların ardınca getmişlər. Lakin Müstəqilliyin ilk qurbanları və onun zülmünü ən çox çəkən də söz sahibləri, qələm əhli oldu. Ədəbiyyatın dövlət tərəfindən nəşri məhdudlaşdı, “Yazıçı” nəşriyyatı ləğv edildi, nəşriyyatlar özəlləşdi, tirajlar azaldı, qonorar sistemi tamamilə ləğv edildi, kitab dükanları kitabdan xəbərsizlərin əlinə keçdi, kənd kitabxanalarına yeni ədəbiyyatın göndərilməsi unuduldu.

Təbii ki, yeni ədəbiyyat olmayanda kitabxanaya da maraq azalacaq; indi də bunu bəhanə edərək kəndlərdə kitabxanaları yarıbayarı azaldır və ya ləğv edirlər, sanki kənddə yaşayanlara kitab və ədəbiyyat lazım deyildir… Yaranmış bu boşluğu doldurmaq üçün ölkə prezidenti vaxtı çatmış, mühüm bir addım atdı, ədəbiyyatımızın və dünya klassiklərinin kitablarının latın qrafikası ilə orta məktəblər üçün kütləvi tirajla nəşrinə sərəncam verdi və neçə illərdir, bu məqsədlə böyük miqdarda vəsait ayrılır. Mən bu nəşri doğrudan da böyük əhəmiyyəti olan, tarixi bir addım sayıram, çünki o silsilə yetərincə keyfiyyətlidir və orada hətta sovet dövründə də oxuculara çatdırılmamış bir sıra ədəbi əsərlər yer almışdır. Lakin bu işə nəzarətin hansı səviyyədə olduğunu bilmirəm və bəzi məktəb kitabxanalarında apardığım müşahidələr bu işin əyintisiz görüldüyünə şübhələr yaradır. Hətta sərəncam tamamilə yerinə yetirilsə belə, bu problemin yalnız bir tərəfidir. Bir müəllifin on ildə, on beş ildə bir dəfə və məktəblər üçün nəşr edilməsiylə iş bitmir. Elə kitablar var ki, tez-tez və müxtəlif formatlarda nəşr edilməlidir.

Məncə dövlət uşaq ədəbiyyatını, klassiklərimizi və çağdaş ədəbiyyatımızın seçmə nümunələrini ardıcıl nəşr etmək və müəlliflərinə qonorar vermək ənənəsini bərpa etməlidir. Ədəbiyyatı və kitabı bütünlüklə bazarın ümidinə qoymaq olmaz. Əyalətlərimizdə kitab ticarətinin unudulduğunu, kitab alıcılığı imkanlarının məhdudlaşdığını düşünsək – dövlətin bu işə müdaxiləsindən başqa yol görmürük. Rayonlarda kitab evləri bərpa edilməlidir.

Vaxtilə yazıçıların bir qurultayında mən bu barədə danışarkən və Azərbaycan yazıçısının SSRİ də ən az qonorar aldıqlarını söylərkən məhrum Heydər Əliyev məni sorğu-suala tutub məsələnin detallarını dəqiqləşdirəndən sonra elə ordaca nazirlər sovetinə yazıçıların qonorarının bir milyon manat artırılmasını əmr etmişdi. Yəni bir tapşırıqla qonorar fondu qırx- qırx beş faiz artırıldı.

Məncə, Mətbuat və İnformasiya nazirliyi ləğv edilsə də kitabın nəşri, təbliği və maliyyələşməsini başlı- başına buraxmaq və ya Mədəniyyət nazirliyinin balaca bir şöbəsinin ümidinə qoymaq olmaz. Onların buraxdıqları az miqdarda kitabla ehtiyac ödənilməz.

Rusiyadan daha bir nümunə göstərmək istəyirəm. “Liteaturnaya qazeta”nın 188 yaşı var. Hakimiyyətlər, rejimlər dəyişilib, lakin bu qəzet yaşadılıb. Çünki ədəbiyyata həmişə cəmiyyətin güzgüsü kimi baxıblar. Ədəbiyyatı oxumayan, onu saymayan cəmiyyət və ya hakimiyyət özünü güzgüdə görmək istəməyən hakimiyyət və cəmiyyətdir. Burada M.Ə. Sabirin məşhur misraları yada düşür.

Azərbaycanı dünyada iqtisadi imkanları, nefti, qazı, musiqisi, idmanı ilə yanaşı, həm də ədəbiyyatı layiqincə tanıtdıra bilər. Vaxtı ilə SSRİ-də ədəbiyyat fondu və ədəbiyyatı təbliğ bürosu yazıçıların seçmə əsərlərinin dünya dillərinə çevrilməsi və nəşrini planlı şəkildə həyata keçirirdi. Yəni əsl dəyərli əsərlər yayılırdı. İndi bizdə bu iş də başlı-başınadır və bəzən kitabın taleyini onun dəyəri və ya müəllifin istadadı yox, cibi həll edir. Başın və ağlın yerinə cib keçəndə faciə başlanır…

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov