bizimaz.az Xəzərin statusu ilə bağlı konvensiyanın qəbul olunması heç şübhəsiz ki, ilin ən mühüm siyasi hadisələrinin sırasına yazılmalıdır. Prosesin ən böyük göstəricisi budur ki, 22 illik üzücü danışıqların nəticəsində olsa da, SSRİ-nin süqutundan sonra Xəzərlə bağlı yaranmış qeyri-müəyyən vəziyyəti dinc yolla, hərbi qarşıdurmalar olmadan aradan qaldırmaq və xoşagəlməz ixtilafların dərinləşməsindən qaçmaq mümkün oldu, halbuki belə vəziyyətlərin yaranması üçün dəfələrlə zəmin olmuşdu.
Bizim üçün əsas nədir? Azərbaycan Türkmənistanın gülünc iddialarından və İranın ciddi təhdidlərindən qurtardı: əsas çərçivə artıq müəyyən olubdur və indi qalır, digər detalları bunun əsasında müəyyən etmək və razılaşdırmaq.
Prosesə maraq çox böyük oldu: xarici ekspertlər məsələni diqqətlə izləyirdilər. Ola bilsin, kimsə düşünürdü ki, problemi dinc yolla və danışıqlar vasitəsilə həll etmək üçün Xəzəryanı ölkələrin siyasi mədəniyyəti yetərli olmayacaq və burada da daha bir münaqişə ocağı yaranacaqdır.
Başqa biri isə prosesi daha çox Rusiyanın maraqları və qazancları prizmasından nəzərdə saxlamağa çalışırdı, çünki sirr deyildir ki, Xəzərdə əsas hərbi-dəniz gücü məhz Moskvadır.
Elə biz də məsələnin bu aspektinə toxunmaq istərdik. Xarici ekspertlərdən birinin maraqlı fikri oldu: Rusiya təhlükəsizlik baxımından uddu, qalır, indi onun digər qazanclarını aydınlaşdırmaq...
Bəs nədən xarici ekspertlər bu cür düşünürlər? Səbəb sadədir: Kreml Xəzəri digər dəniz güclərinin üzünə bağlaya bildi. Xəzəryanı dövlətlərin arasında onunla hərbi cəhətdən yarışa bilən ikinci dövlət yoxdur, hətta gənc sahil dövlətlərinə başağrısı olmağı sevən İran belə Rusiyanın adı gələndə dərhal qınına çəkilməyə üstünlük verir.
Rusiya üçün əsas odur ki, bura ABŞ və ya NATO yol açmasın. Bu məsələni isə o, həll etdi. Amma burada yenə də bir detal var. Biz prosesi rusiyalı təhlilçilərin prizmasından aydınlaşdırmağa çalışdıq, onların isə təhlillərində tam arxayınlıq hələ yoxdur.
Məsələn, rusları ABŞ-la Qazaxıstan arasında hərbi logistika sahəsindəki əməkdaşlıq perspektivləri çox narahat edir. Astana burada Xəzəryanı dövlətlər üçün, eləcə də yeni qəbul olunmuş konvensiya üçün problemin olmadığını israr edir: onlar iddia edirlər ki, gələcək əməkdaşlıq yalnız və yalnız Xəzər vasitəsilə Əfqanıstana hərbi yük daşımalarını əhatə edəcək.
Fəqət, rusları belə səmimi açıqlamalar və vədlər qane etmir, onlar amerikalıları buralarda, ümumiyyətlə, görmək istəmirlər, sanki digər bir ölkənin gəmisi Xəzərdə görünsə, dəniz öz bəkarətini itirəcək...
Bu səbəbdən konvensiya imzalamaq bir iş, onu daim rəhbər tutmaq isə iki iş deməkdir, çünki hüquqa və qanuna hörmət beynəlxalq siyasətdə də problemdir. Amma əvvəldə qeyd etdik ki, 22 il ərzində Xəzəryanı ölkələr mübahisələri dinc yolla, qarşıdurma olmadan həll edə bildilərsə, ümid etmək olar ki, gələcək üçün də böyük narahatlıq olmayacaq.
Fəqət, daha bir “amma” məsələsi var burada . Məsələn, illər idi ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri Xəzərin dibilə regionun karbohidrogen ehtiyatlarını Avropaya çıxaracaq boru xəttini inşa edə bilmirdi. Səbəb və maneə yenə Rusiya idi. Bəs bundan sonra nə olacaq? Konvensiya məsələni müsbət həll edir. Amma rusiyalı təhlilçilər bu haqda elə əvvəlki qısqanclıqla yazmaqda davam edirlər.
Burada adamın yadına azərbaycanlıların bir zərb-məsəli düşür: “qardaş kimi bölmək”, yoxsa “yarı bölmək”...
Qərəz, adamın ağlına dərhal bir sual gəlir: Xəzər “qardaş kimi bölündü”, yoxsa “yarı”?..
“Qardaş kimi bölgü”nün bir ciddi nöqsanı var ki, qardaşların böyüyü və kiçiyi olur. Ona görə də suala cavab verməyə tələsmirik. Amma bizə elə gəlir ki, hələ Xəzəri “qardaş kimi” bölmüşük; əski böyük qardaşımız dənizdə hərbi hegemonluğu əlində saxladı, bu isə az iş deyil, xüsusən də nəzərə alanda ki, mübahisəli məqamlarda problemləri Haaqa Məhkəməsindən də irəli məhz hərbi güc həll edir.
Bəli, Rusiya indinin özündə hesab edir ki, Xəzərdən Suriyanın şəhərlərini raket atəşinə tutmaq olar, amma Xəzərin dibilə boru çəkmək olmaz, guya ki, bu, dənizin ekosisteminə ziyan vurar. Halbuki əsl motiv tamamilə başqadır: rusları Xəzərdə suitilərin, nərə balıqlarının taleyi yox, “Qazprom”un Avropa bazarındakı mövqeləri narahat edir, onlar əslində bunu itirməkdən ehtiyat edirlər. Ona görə də bir az əvvəldə dedik ki, Xəzər hələ ki “qardaş kimi” bölünübdür...