Xəbər lenti

bizimaz.az “Anca kim, səy eylədim nazik cəmalın görməyə,

Zərrəcə yumşalmadın, ey könlü zindan erməni".

(Nəsimi)

Ermənistanın təzə prezidenti Paşinyan köhnə prezidenti Köçəryana qarşı cinayət işi açıbdır. Hətta bir müddət onu türməyə də basmışdı. İndi Köçəryan yandığından bilmir nə desin, Paşinyanı... Azərbaycanın maliyyələşdirdiyini söyləyir. Açığı, biz Qafqazda bu tip bəyanatlara öyrəşmişik, bilirik ki, orda kimin kimdən xoşu gəlməsə “azərbaycanpərəst” adlandırır. Güzgüvari əksi də bizdədir - bizdə axmaq adama erməni demək söyüş kimi bir şeydir. O cümlədən, hökumət müxalifəti həmişə ermənipərəst adlandırmaqdan zövq almışdır. Ancaq ilk dəfədir bu cür ittihamlar eks dövlət başçısı səviyyəsində və dövlət başçısına yönələrək səslənir.

Təbii, Köçəryanı danışdıranın, necə deyərlər dilinə dilçək verənin Moskvada oturduğu məlum məsələdir. Ruslar onların orbitindən az-maz da olsa sivişməyə can atan Paşinyanın ipini yığmaq üçün hələ nələr qarışdıracaqlar, hansı susmuş ağızları açacaqlar - şeytan bilir (Rusiyanın əməllərində çoxdan bəri allahlıq bir şey qalmayıbdır). Hətta lazım gəlsə, ən son anda təzə bir “nairiunanyan” tapıb əlinə avtomat verəcəklər, Ermənistanda növbəti siyasi qırğın törədəcəklər. Ancaq Paşinyanın ətrafında cərəyan edənlər, ermənilərin tez-tez Azərbaycanla bağlı çıxışlar eləməsi maraq doğurur.

Misal üçün, Köçəryan 2008-ci ildə Yerevanda mitinq edən camaatı güllələməsini Surət Hüseynovun Gəncə qiyamı ilə müqayisə etmişdir. Deyir azərbaycanlılar ordunun siyasətə qarışmasına imkan verdilər, o üzdən rayonlarını itirdilər. Məncə düşmən də olsa düzgün analiz edir. Necə deyərlər, dəlidən doğru xəbər. Çünki, buna istinadən “mən ordu siyasətə qarışmasın deyə ona əmr elədim camaatı qırsın” məntiqi Köçəryanın nə qədər debil adam olmasını da göstərir və adamı yandırır ki, gör biz kimlərə uduzmuşuq. Paşinyan hökumətini bizim maliyyələşdirməyimizə gələndə, bu daha dərin söhbətdir.

4-5 il qabaq bizim internet saytlarından birində Ermənistan əks-kəşfiyyatının rəisi Karapetyan haqda yazı dərc edilmişdi. Anonim müəllif bizim xüsusi xidmətlərə istinadən yazırdı ki, Azərbaycan kəşfiyyatçıları Karapetyanın bütün iş qrafikini, həyatını əzbər bilirlər, arvad-uşağı, məşuqəsi kimdir, cibində nə qədər pulu olur, hətta soyuducusunda hansı kolbasanı saxladığına qədər bizə məlumdur! Yazının heç bir yerində smaylik işarəsi qoyulmamışdı, zarafatla yazıldığı da qeyd olunmurdu. İndi mən Köçəryanın açıqlamasından sonra düşünürəm ki, bəlkə o yazı da tamamilə doğru imiş? Nə biləsən... Bəlkə də Paşinyan doğrudan da bizim kəşfiyyatın yetişdirdiyi, ora yerləşdirdiyi adamdır, pillə-pillə vəzifələrdə qaldırmağa vaxtımız az olduğu üçün birbaşa inqilab yapdıq, hakimiyyətə gətirdik, indi də bizim istədiklərimizi edir - Köçəryan, Sərkisyan, nə bilm hansı ...yan kimi savaş cinayətkarlarını cəzalandırmaqdadır. Qorbaçov haqda indiyə qədər də camaat danışır ki, o, Amerikanın adamı olubdur, hakimiyyətə gətiriblər SSRİ-ni içəridən dağıtsın. Məhşur tamaşada deyilən kimi: “Ştirlits hamının başını xarab edibdir”.

Mövzudan azca uzaqlaşmaq olmasın, bir ara bizim müxalifətdə gülməli adamlar olurdu, hakimiyyətin tərəfinə keçəndə deyirdilər gedirik hakimiyyəti içəridən dağıtmağa. Ancaq az keçməmiş ya hakimiyyət özü bunu dağıdırdı, ya da keçmiş cəbhədaşları piranya balıqlarının əlinə düşmüş qunduz balası kimi bunu tikə-parça edirdilər, uzun müddət müxalifət bataqlığının üzərində qan ləkələri yayılmış qalırdı. Eh, nə əcaib günlər gördük biz. O vaxt bəyə dedim, a bəy... Nəsə, mövzumuz ayrıdır.

Söhbəti ciddiyə alsaq, əslində Azərbaycan Ermənistanı maliyyələşdirəcək gücdədir, tarixən də ermənilər bizim torpaqlarda bəy kimi yaşayıblar. Bakının mərkəzində kef ediblər, neft milyonçusu olublar, hətta Azərbaycana rəhbərlik ediblər (1926-1929 arası, Levon Mirzoyan). Ruslar aranı qatıb düşmənçilik yaratmasa yenə buralarda xoşbəxt olmuşdular. Müharibə olmasa Bakı-Ceyhan neft xətti üçün ən qısa yol elə Ermənistandan keçirdi. O cümlədən, Ermənistan indiki təcrid vəziyyətində yox, nəqliyyat yollarının, böyük qlobal infrastruktur projelərinin içində idi. Ancaq onlar Qafqazın palıd pöhrəsi olmağı deyil, Rus imperiyasının bölgəyə çaldığı paz rolunu üstün biliblər. Qarabağı tutublar, əvəzində bütün Qafqazı itiriblər, çünki Qafqazın açarı Azərbaycandadır.

Ermənilər ürəklərində, gizli də olsa bunu başa düşürlər və hərdən bir-birini “Azərbaycandan maliyyələşməkdə” suçlayarkən həmin gizli hissləri büruzə verdiklərini anlamırlar. Qafqazda bu qədər pulu qoyub, okeanın o tayında dilənçilik etmək axmaqlıqdır. Sözgəlişi, biz hərdən ermənilərin pul verənlərinə də pul veririk.

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov