Xəbər lenti

bizimaz.az Sovet dövrünün axır illərini yaşayanlar yaxşı xatırlayar: ən böyük problemlərdən biri də tələbə qəbulu ilə bağlı idi. Bu sahədə korrupsiya ərşdə-gürşdəydi. Qəbul açıq-aşkar pulluydu. Universitetlərə (dövrün terminləri ilə desək, institutlara) qəbul olunanların artıq əksəriyyəti tələbə statusunu rüşvətlə qazanırdı. Hər kursda 5-10 faiz kasıb övladı pul-parasız qəbul ola, ya olmayaydı.

Universitetlərdə elə fakültələr və ixtisaslar vardı ki, yaxın düşmək mümkün deyildi. Bunlardan biri BDU-nun hüquq fakültəsiydi. Ela arasında ona qısaca “yurfak” deyirdilər. O biri isə camaat arasında “Medinistut” və qısaca “AMİ” (Azərbaycan Tibb Universitetinin adının riscası - Azerbaydjanskiy Medisiniskiy İnstitut) adlandırılan təhsil ocağının “leçfak”ı (müalicə-profilaktika fakültəsi) idi.

O zamanlar prestijinə görə üçüncü, dördüncü yerdə olan başqa institut və fakültələr də vardı: “jurfak”, “Narxoz”, “Avtonəqliyyat” (buranı bitirənlər “QAİ”-yə, indiki DYP-yə asan düzələ bilirdilər), tarix (bu fakültəni bitirənlər də partiya işinə daha rahat keçirdilər) və s.

Ancaq “leçfak” və “yurfak” prestijlərinə görə birinci-ikinci yerləri bölüşdürürdülər və qəbul qiymətləri çox bahaydı, 25 min rubldan başlayırdı. Təbii ki, bu fakültələrə daha baha, yaxud da bir az ondan ucuz qiymətə girənlər də  olurdu.

Bəs hamı bu fakültələrə rüşvətlə girirdimi? Xeyr. Kasıb adamların vunderkind övladları da ən azı iki “əla, iki ”yaxşı" qiymət alaraq bu fakültələrə daxil ola bilirdilər. Amma onların sayı az idi. Hazırda 670-700 bal toplayan abituriyentlərin sayı qədər o zamanlar da “oxuyan uşaqlar” tapılırdı.

Ancaq yuxarıda dediyimiz kimi, əksəriyyət o vaxtlar adıçəkilən universitetlərə böyük rüşvətlərlə, himayədarlıqla daxil olur, böyük rüşvətlər və ya “dayı tapşırığı” hesabına oxuyub bitirirdilər.

Hazırda millətin canına daraşan bisavad həkimlər, tamahkar hakimlərin, prokurorların bir xeylisi o dövrün məhsullarıdır.

Yaxşı ki, 1992-ci ildə qəbul qaydaları radikal şəkildə dəyişdirildi, “test inqilabı” bu sahədə elə bir dönüş yaratdı ki, valideynlər və abituriyentlər böyük ölçüdə hələ də o inqilabın bəhrəsini dadır.

Fəqət bir neçə ildir prestijli universitet və fakültələrin başında şəmşir-qılınc oynadılır. Ölkəyə çox sayda yüksək ixtisaslı tibb mütəxəssisləri lazım olduğu halda Tibb Universitetinin qəbul planında ixtisar edilir, universitetdə təhsil pullu (həm də ifrat bahalı) müstəviyə keçirilir.

Artıq yalnız varidatı orta statistik göstəricilərdən yuxarı olan valideynlərin, bir də varlıların övladları həkim ola biləcəklər. Söz yox, sovet dövründə olduğu kimi, yenə də kasıb ailələrin vunderkind, erudisiyalı övladları da həkim olmaq arzularını gerçəkləşdirə biləcəklər. Amma elələrini sayı nə qədər olacaq? 3-5, lap olsun 10 nəfər.

Yerdə qalanlar isə onlardan 100-150 bal az toplayan, amma ildə 4000-4500 manat təhsil haqqı ödəmək imkanı olan “varlı” tələbələr olacaq. Elə böyük imkanı olmayan, amma övladının həkim olmasını istəyən ortabab adamlar maddi sıxıntı çəkəcək, borca düşəcəklər. Bəlkə də onların övladları məcburiyyət üzündən təhsillərini yarımçıq qoymalı olacaqlar.

Nəticədə zamanla klinikalar, poliklinikalar, hospitallar, dispanserlər pulla oxumuş, təhsildə o qədər də fərqlənməmiş, birtəhər diplom almış tibb mütəxəssisləri ilə dolacaq.

Ondan sonra ölkə səhiyyəsinin yüksək səviyyəsindən necə danışmaq olar? Tərs kimi, son illərdə xarici ölkələrdə ixtisasını artırmağa yollanan tibb mütəxəssislərinin də sayı azalıb.

Uzun sözün kəsəsi, dövlət sözügedən istiqamətdə hər şeyi özbaşına buraxmamalıdır, monopoliya yaratmaq istəyənlərə, çoxlu pul qazanmağı düşünənlərə yaşıl işıq yandırmamalıdır.

Azərbaycan xalqı onsuz da sağlamlığı ilə öyünə biləcək durumda deyil. Adamlar çökməyincə həkimə getmirlər. Onlar bir də naşı, bisavad həkimlərin əlinə düşüb məhv olacaqlar, ya da son 20 ildə dəb halını almış yolu tutacaqlar - borca girərək can sağlığını ölkə xaricində axtaracaqlar.

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov