Xəbər lenti



TƏHSİLİMİZİN BÖYÜK QAYĞIKEŞİNƏ

Möhtərəm Prezident!

Koronavirus bəlasının sərhədlərimizə yaxınlaşdığı ilk gündən onun sürətlə yayılma tendensiyasını nəzərə alaraq çox böyük uzaqgörənliklə mühüm və düşünülmüş qərarlar qəbul etməyiniz Azərbaycanı bu gün faciə ilə üzbəüz qalan, səhiyyəsi aciz duruma düşən inkişaf etmiş dövlətlərin aqibəti ilə üzləşməkdən xilas etdi. Əsl vətəndaşlıq mövqeyi nümayiş etdirməklə bir daha sübut etdiniz ki, yürütdüyünüz siyasətin bünövrəsində xalqımızı hər bir çətinlikdən qorumaq amalı durur. Siz və xanımınız – Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva koronavirusla ümumxalq mübarizəsinin önündə getdiniz və gözəgörünməz düşmənlə qarşıdurmada da sərkərdəlik etdiniz. 

Dünya xəritəsində kiçik də olsa öz yeri olan, bir milyondan çox qaçqın və məcburi köçkünün problemi ilə yüklənən, hələ də torpaqlarının 20 faizindən çoxunun işğal edildiyi bir ölkənin belə bir çətin dönəmdə duruş gətirməsi, vətəndaşlarının həyatını qoruması yaxşı bilirik ki, dost və ya düşmən masalarında müzakirə mövzusudur. Təkcə özümüzü deyil, dünyanı qurtarmaq üçün çabalarımız, daha çətin durumda olan ölkələrə etdiyimiz yardımlar tolerant və multikultural dəyərləri anayasamızdan tutmuş, qəbul edilən qərarlarda, verilən fərman və sərəncamlarda önə çəkməyimiz bir xalq olaraq humanistliyimizin, həm də qədim dövlətçilik ənənələrimizin təzahürüdür.

Aztəminatli ailələrin müavinətlərinin artırılması, işsizlər üçün əlavə müavinətlərin təyin edilməsi, bu çətin dövrdə ölkə iqtisadiyyatının inkişafının qorunub saxlanılması istiqamətində qəbul etdiyiniz qərarlar, xaricdə olan soydaşlarımızın respublikamıza gətirilməsinin yüksək səviyyədə təşkili xalqımız tərəfindən rəğbətlə qarşılanır. Karantin rejimi ilə əlaqədar işə gedə bilməyən insanlara birdəfəlik ödəmənin, Heydər Əliyev Fondu tərəfindən kasıb ailələrə ərzaq yardımlarının verilməsi çox böyük əhəmiyyət daşıyır. Bu, Azərbaycan vətəndaşlarına olan qayğının və sevginin təzahürüdür.

Məlum olduğu kimi, dövlət tərəfindən koronavirus (COVID - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlər təhsilimizi də əhatə edib. Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.

Şagirdlərin dərs proqramından geri qalmaması üçün Təhsil Nazirliyi tərəfindən genişmiqyaslı işlər görülüb. “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” onlayn dərsi ilə yanaşı, nazirlik internet resurslarında da bu cür vasitələr yerləşdirib. Bu gün Zoom”,“YouTube” kanalında, eləcə də nazirliyin öz platformalarında şagirdlər üçün onlayn dərslər təşkil edilir və burada bütün siniflər əhatə edilir. Qeyd etdiyimiz bu məsələ dövlət tərəfindən reallaşdırılıb. Bu öz yerində. Azərbaycan müəllimləri arasında yeni fəaliyyət üsuluna təkan verdi - "Könüllü onlayn dərs verən müəllimlər hərəkatı"...

“Biz birlikdə güclüyük!” çağırışınıza qoşularaq xalqımızın bu sınaq günündə meydana çıxan könüllü onlayn dərslər keçən müəllimlərin əməyini xüsusi vurğulamağa dəyər. Bu gün internet resurslarından istifadə edərək xeyli sayda müəllim Zoom”,“ “WhatsApp”, “Facebook” və digər platformalar üzərindən şagirdlərə ödənişsiz onlayn dərslər keçirlər. Koronavirusla mübarizə dövründə könüllü olaraq övladlarımıza dərs keçən müəllimlərin sayəsində böyük könüllülər ordusu formalaşıb. Maraqlı məsələlərdən biri odur ki, bu müəllimlər onların açdıqları qruplara qatılan hər bir şagirdə böyük həvəslə tapşırıqlar verir, mövzuları onlara izah edirlər.

Müşahidə olundu ki, bizim təhsil sistemində öz vəzifəsini məsuliyyətlə, şərəflə yerinə yetirən böyük bir müəllim ordusu var.  Müəllimlərin bu addımı müsbət tendensiyadır və bəzi məmurlara, öz məsuliyyətini dərk etməyənlərə, eləcə də müəllim adını ləyaqətlə daşıya bilməyənlərə böyük örnəkdir.

Sizin rəhbərliyinizlə ölkəmizdə gənclərin aparıcı qüvvəyə çevrilməsi istiqamətində böyük işlər görülür, dövlətçiliyə bağlı, yüksək intellektli və geniş dünyagörüşünə malik gənc nəsil formalaşır. Hər bir Azərbaycan gənci Sizin gördüyünüz işlərin dəyərini çox yaxşı bilir və hər zaman Sizə güvənir. Türkiyədə olan azərbaycanlı tələbələrin hər birinə alış-veriş üçün vəsaitin verilməsi onlara həm maddi, həm də mənəvi kömək oldu.

Çox sevindirici haldır ki,  Azərbaycan təhsil sisteminin yetirmələri olan mütəxəssislərin , "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə tibb təhsili almış şəxslərin də bu prosesdə  müxtəlif formalarda  rolu var. Xaricdə yüksəkixtisaslı mütəxəssislər kimi yetişən azərbaycanlı məzunlar artıq pandemiyaya ilə mübarizə sahəsində öz  töhfələrini  verirlər.

Budur, artıq Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə 18 may 2020-ci il tarixli 179 nömrəli Qərar qəbul edib. Həmin qərarıa 9-cu sinif buraxılış imtahanı qaydaları, 9 və 11-ci sinif təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul və ali təhsil müəssisələrinə qəbul qaydalarında müvəqqəti dəyişikliklər edilib. Bütün bunlar hər birimizdə əminlik yaradır ki, dövlətimiz tərəfindən həyata keçirilən zəruri tədbirlər və xalqımızın göstərəcəyi həmrəylik sayəsində tezliklə koronavirus infeksiyasına birlikdə qalib gələcəyik.

Çox hörmətli İlham Müəllim!

Vətənimiz və xalqımız üçün gördüyünüz bütün işlərə, yorulmaz fəaliyyətinizə görə təmsil etdiyim orta ixtisas təhsili müəssisəsinin kollektivi adından Sizə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildirirəm. Biz Sizə inanırıq və güvənirik. Əminik ki, Sizin səmərəli fəaliyyətiniz və xalqımızın həmrəyliyi sayəsində bu pandemiyanın Azərbaycana təsiri çox da böyük olmayacaq. Biz müəllimlər əlində qələm tutan əsgərlər olaraq daim Sizin yanınızdayıq. Allah Sizi qorusun.





Zaur Vəliyev

Bakı Dövlət Sosial-İqtisadi Kollecin tarix müəllimi

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov