Dünya qədər bilirdim, adım kimi bilirdim. Zəng vurmağımı istəmir. Xəstə olduğunu öyrənib ona zəng vurmağım ruhuna yük olardı. Səsi pis gələrdi, dağılardıq ikimiz də.
bizimaz.az Özünü xəstəliyinə təslim etdi.
Ölümüylə neçə mənəvi öyrətmənimi, insanlıq abidəmi baş-başa buraxmışam...
Adam bildiklərim öləndə Məcnunluğa çəkilirəm –səhralaşıram.
İndi nə olacaq?
Kimə baxıb "kişi belə olar" deyəcəyik...
Kimi - "adam belə olar" – biləcəyik...
Gözümüzün içinə həyasızca yalan danışan, gözümüzün önündə ayaq yalayan dişili-erkəkli bu cəmiyyətdə - kimin adını ürəyimizdən keçirib “onun kimi yaşamaq da var” düşünüb toxdayacağıq.
Hər addımını “şefinin” fikrinə hesablayan “adamlar”ın cəmiyyətində yorğun gözlərimizi kimin yoluna dikib sakitləşəcəyik...
Reallığı ilə vəhdətdə yaşayanım, bu qədər üsyankarlıqmı olar? Azərbaycan müstəqilliyindən bu yana belə şey görməyib. Kimsədən yardım qəbul etmədi. Kişi - kişi kimi ölər dedi. Düzü, bilmirəm düz etdi, ya yox. Bunu təhlil etmək mənə qalmaz. Qərarına sayğı duruşum var yalnız.
Həyatına sonadək susub gülümsəyənim.
Həyat da ucalığa qaldırır beləsini. Haram pullardan dağ düzəldənlər o dağa dırmaşıb zirvəyə çatmaz – elə tullana-tullana qalar yerində. Batdıqca batar dibdən-dibə.
Ey xalq! Dəyərlərdən danışanda böyürdən bir sırtılmış çıxıb sənə “sadəlövh” deyəcək.
Rüşvətsizlikdən, qanundan, ədalətdən, dürüstlükdən, yaltaqlığın çirkinliyindən danışanda “ caan, avam” nəzəri ilə baxıb axmaq olduğunu hiss etdirməyə çalışanlar olacaq. Qələt edirlər. Sadəlövhlük deyil bu. Sivillikdi, dünyavilikdi. Bütün sağlam cəmiyyətlərdə bu cür dəyərlər öndədi. Heç bir sivil ölkədə rüşvət verib icra başçısı olmursan. Yaltaqlanıb deputat seçilmirsən. Doğruları pula susmursan! Heç bir sağlam ölkədə yaltaqlıqla sənətkar ola bilmirsən. “Xalq artisti, xalq şairi kimi” titul versinlər deyə yüz sifətə girmirsən. Yoxdu belə bir şey.
Ona görə də sənin ölkəndə bu yalançı titullar içində yalnız tək-tük adam var sayğıya layiq.
Ey xalq! Ayıq ol. Kimi gəldi alqışlama.
Bağışlama.
Fuad Azərbaycanın ləyaqəti idi! Son nəfəsini belə kimsəyə yaltaqlanmadan dərdi.
Yaltaqlıq sözünün mənasını açım sənə. Atın saçına yal deyirlər. Başını – yalını başqasının dalına taxana “yaltax” deyib sənin əcdadın. Dilinə beləcə düşüb bu söz. Hər alçağa imkan vermə həyatı ilə tək özünün deyil, sənin də qürurunu qoruyan şəxsiyyətlərin adını o hər yerə dürtdüyü “yalının” üstündə olan iyli ağzına alsın, ey Xalq! Belələrinə yerlərini göstər. Dilini dinməzinə qoysun denən. Və heç çıxarmasın ordan.
Ey xalq! Bir xalq Fuadları ilə xalqdı.