Türkiyədə prezidentliyə namizəd, İYİ Partiyasının başqanı Meral Akşener seçicilərin marağına səbəb olan vədlə çıxış edib. Bildirib ki, prezident seçiləcəyi təqdirdə Türkiyədə Dayanışma Fondu yaradacaq. Fond istehlak kreditləri, kredit kartları və depozit hesabına görə götürülmüş kreditlər üzrə borclara görə məhkəməyə verilən Türkiyə vətəndaşlarının borclarını satın alacaq.
bizimaz.az Xanın Akşenerin açıqladığı rəqəmlərdən aydın olur ki, hazırda Türkiyədə 30 milyon kredit borclusu var. Bunların 4,5 milyon nəfəri borc üzündən məhkəmə və kollektorlarla çəkişmələrdədir. Partiya sədri Fondun ilk olaraq bu adamların borcunu satın alacaq. İşsiz, pensiyaçı və minimum əmək haqqı ilə işləyənlərin bütün borcları silinəcək. Tələbə və digər vətəndaşların borclarının azı 80 faizi silinəcək, qalanını ödəmək üçün əlavə faizsiz 10 ilədək müddət müəyyən ediləcək.
Əlbəttə, bu, seçkiqabağı vəddir və onun reallaşması Türkiyənin hazırkı iqtisadi durumunda elə də mümkün görünmür. Lakin bu vədin əhalidə böyük səs-küy yaratması göstərir ki, kredit borcları orada da aktualdır – özü də problemli kredit borcları. Yəqin elə buna görə də xanım siyasətçinin dedikləri bizim də marağımıza səbəb olub. Axı son üç ildə bizdə də problemli kreditlər deyə bir çəkilməz dərd yaranıb...
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu il aprelin 1-nə kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 710,2 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 119,9 milyon manat və ya 7,54 faiz çoxdur. İlin əvvəli ilə müqayisədə isə bu ilin martında problemli kreditlərin həcmi 83,5 milyon manat və ya 5,13 faiz artıb. Problemli kreditlərin ümumi kredit qoyuluşlarındakı payı isə 16 faizə yaxınlaşır.
Üç ildir kredit borcuna görə törədilən hər cinayət işində, hər intiharda bu problemin həlli barədə düşünürük. Hər önəmli bayram ərəfəsində, seçkilər ərəfəsində insanlarda ümid yaranır ki, problemli kreditlər adlı problemə bir əncam çəkiləcək.
Azərbaycanda kredit borcu olanların sayına dair açıqlanan son rəqəm 2,6 milyon nəfərə yaxın olub. Bu, 2016-cı il martın 1-i vəziyyəti üçün Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrindən verilən açıqlamadır. Bu o deməkdir ki, Azərbaycan əhalisinin hər dördüncü vətəndaşının kredit borcu var.
İndi Mərkəzi Bank kredit borclularının sayını açıqlamır. Heç Azərbaycanda kredit borcuna görə məhkəməyə verilənlərin də dəqiq sayı bilinmir. Bilinən odur ki, məhkəmələrdəki bank iddiaları ümumi məhkəmə işlərinin yarısını keçir. Üstəlik, bu iddiaların sayı son aylarda böyük sürətlə artır. Çünki Azərbaycanda götürülmüş kreditlərin böyük əksəriyyəti 3 illiyə alınıb, bu il onların hamısının müddəti bitir. Bank isə istəməsə belə məcburdur ki, iddia müddətini ötürməmək üçün məhkəməyə müraciət etsin.
Bir jurnalist olaraq, problemli kreditlərdən yazmaq bizim üçün sözün həqiqi mənasında problemə çevrilib: ekspertlər, Milli Məclis üzvləri problem barədə fikirlərini, təkliflərini dəfələrlə səsləndiriblər. Hətta Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank sədri səviyyəsində problemli kreditlərin yalnız vətəndaşlara deyil, ölkənin bank sektoruna da ciddi çətinliklər yaratdığı etiraf olunub. Di gəl ki, hökumətin bu məsələnin həlli barədə mövqeyi hələ də ortaya qoyulmayıb.
Üstəlik, bankların özləri də vətəndaşa doğru addım atmaq istəmirlər. Aydın məsələdir ki, manatın devalvasiyaya uğraması nə bankların, nə də vətəndaşların fəaliyyətinin nəticəsi deyil. Lakin banklar da problemin həllinə doğru getmirlər. Halbuki borcunu ödəməkdə çətinliyə düşmüş vətəndaşlara müəyyən güzəştlər etməklə bu problemi azı 30 faiz yüngülləşdirmək mümkündür. Bankların hazırkı davranışları “nə yardan doyur, nə əldən qoyur” siyasətidir. Bu siyasət davam edərsə, nə özləri, nə də vətəndaşlar düşdükləri ağır böhrandan çıxa biləcəklər. Bu baxımdan, bankların vətəndaşa doğru getməsi lazımdır, nəinki oturub dövlətdən dəstək gözləməsi...