Xəbər lenti



Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatlar ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində reallaşır və kompleks xarakter daşıyır. İslahatların birinci mərhələsi əsasən qanunvericilik və institusional sahələri əhatə etdi və dərhal sonra struktur və kadr islahatlarına keçid başlandı.

Əslində bu ardıcıllıq həyata keçirilən islahatların müxtəlif komponentlərini özündə birləşdirməklə onun tamlığından xəbər verir. Hazırkı mərhələ daha çox kadr islahatları mərhələsi kimi görünsə də, bir qədər diqqət etsək, kadr islahatlarının digər komponentləri ilə paralel həyata keçirildiyini görə bilərik. 2015-ci ildən qəbul edilən qərarlar, imzalanan sərəncam və fərmanlar dediklərimizi təsdiq edir və xeyli sahədə nazir vəzifələrinə qədər mühüm dəyişikliklərin olduğunu göstərir. Son dəyişiklər isə kadr islahatlarında daha yuxarı idarəetmə strukturlarını əhatə etdiyi üçün daha çox diqqət cəlb edir. Bu dəyişikliklər kadr islahatlarının daha da dərinləşməsi kimi qiymətləndirilməlidir. Ancaq bu proses, sadəcə, kadrların dəyişməsi deyil, həm də idarəetməyə yeni keyfiyyət dəyişikliyinin gətirilməsi kimi nəzərdən keçirilməlidir.

Təəssüflər olsun ki, Azərbaycanın bəzi rayonlarında bu islahatların hətta heç xəfif küləyi də hiss olunmur. İnsanlar yalnız dövlət televiziyasına baxanda islahatların aparıldığı xəbərini eşidir və qulaqlarına inanmırlar. Onların qulaqlarına qurğuşun tökən yerli icra hakimiyyəti başçıları hələ də özlərini "kiçik padşah" kimi aparırlar. Daha pisi budur ki, bəzən onların "qara vəzir"ləri daha böyük səlahiyyətlərə malik olur, kəsdikləri başa görə sorğu-sual olunmurlar. Goranboy rayon rəhbərliyində olduğu kimi.

Sadiq oxucularımız bir neçə gün əvvəl Goranboy rayonunda ikihakimiyyətlilik mövzusunda qələmə aldığımız məqaləni yəqin ki xatırlayarlar. Məqalədə söhbət vaxtilə rayonda I müavini işləmiş Ceyhun Həsənovun sensasion şəkildə yenidən həmin vəzifəyə qayıtmasından, hazırkı icra başçısı Məhərrəm Quliyevdən daha keçərli söz sahibi olmasından, özünə yaxın, sözü ilə oturub-duran məmur ordusu formalaşdırmasından gedirdi.

Üzvləri sırasında rayon maliyyə idarəsinin rəisi İltifat Sadıqovun, rayon Suvarma Sistemləri İdarəsinin rəisi Gündüz Bağırovun,  Mənzil Kommunal Təsərrüfatı İstesalat Birliyinin rəisi Daşqın Hacıyevin adlarını çəkmiş, onların çevirdikləri işdəycələrdən bəhs etmişdik. Bizim üçün sevindirici haldır ki, rayon ictimaiyyətinin məqaləyə reaksiyası özünü çox gözlətmədi - redaksiyamıza Goranboy sakinlərindən zənglər gəldi. Əlaqə saxlayanların bəziləri yazdıqlarımızı təsdiqləyir, hətta rayon rəhbərliyinin idarəetmədə yol verdiyi nöqsanlar barədə daha müfəssəl məlumatlar verə biləcəklərini deyirdilər. Digər bir qisim isə əksinə, Məhərrəm Quliyevin və RİH başçısı aparatının üzvlərinin fəaliyyətindən razı olduqlarını bildirirdilər. Təbii ki, biz hər iki tərəfin fikirlərinə hörmətlə yanaşırıq. Amma gözüyumulu inanmağa da borclu deyilik. Jurnalist olaraq öz növbəmizdə faktlara istinad etməyi vacib hesab edirik.

İndi isə görək faktlar nə deyir: Gəlin ondan başlayaq ki, Ceyhun Həsənovun bir vaxtlar dövlət qulluqçusu ola-ola həm də bizneslə məşğul olmasını Goranboyda uşaqdan-böyüyə hamı bilir. Bundan əlavə, onun əlil olması barədə informasiyalar hələ də internet resurslarında qalımaqdadır. Dövlət qulluğu ilə sahibkarlıq fəaliyyətini bir araya sığdıran Ceyhun Həsənov həmin məlumatları rəsmən təkzib etməyib. RİH başçısı Məhərrəm Quliyevin icra hakimiyyəti aparatında apardığı özünəməxsus kadr islahatı da (əgər buna islahat demək mümkünsə) yerli ziyalıları məmnun etmir. Çünki, son on ildə rayonda yetərincə savadlı, ali təhsilli, dövlət qulluğunda çalışmağı haqq etmiş gənc mütəxəssislər yetişib. Onların öz doğma rayonlarında idarəetmə işindən kənarda qalması, əksinə, Məhərrəm Quliyevin keçmiş kadrlara, xüsüsəndə onların dövründə rayonda korrupsiyanın tüğyan etməsi kimi faktları yaradanlara rəhbərlik edənlərə, "intriqant" lara üstünlük verməsi narazılıq doğurur.

Yeri gəlmişkən, "intriqant" sözünü səbəbsiz yerə işlətmədik. Adlarını çəkdiyimiz vəzifəli şəxslərin nifaqçı əməllərinə dair çoxsaylı məlumatlar vardır. Belə ki, Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Gündüz Bağırov RİH başçısının birinci müavini Ceyhun Həsənovun qrupunda yer almaqla, Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Rauf Teyyubovun sıxışdırılması senarisinin həyata keçirilməsinə əhəmiyyətli töhfələr verir. Belə ki, başçının yanında keçirilən iclaslarında, Prezident Administrasiyasından təşrif buyuran hörmətli qonaqların gözü qarşısında Rauf Teyyubovun fəaliyyətindən narazı olan su istifadəçilərinə şikayətlərini ifadə etmələri üçün geniş meydan verilir, bununla da idarə rəisini gözdən salmağa hesablanmış plan tədricən reallaşdırılır. Məlumata görə, SQİİ rəisinin nişangaha gəlməsinin səbəbi onun korruptiv təkliflərə dəstək verməməsi, Ceyhun Həsənovun onu "görməyə gözünün olmamasıdır".

Bir vaxtlar rayonun Dəliməmmədli şəhər bələdiyyəsinin sədri işləmiş və adı qanunsuz torpaq satışında hallanan zaman ölkəni tərk edərək Ukraynaya üz tutan Daşqın Hacıyevin (Pedaksiyadan, Kecmiş bələdiyyə sədrinin Ukraynada nələrlə qarşılaşdığı haqda Dəliməmmədli qəsəbə sakinlərinin nələr danışdığı gələn sayımızda)  rayonun mənzil-kommunal təsərrüfatının rəhbər vəzifəyə irəli çəkilməsi də intriqalarla müşayiət olunmuşdur. Bu mövzuda əvvəlki məqalədə qedy olunmuşdu ki, rayon Suvarma Sistemləri İdarəsinin rəisi Gündüz Bağırov kecmiş bələdiyyə sədrinə yanında vəzifə verərək iyerarxia nərdivanında irəliləməsi üçün yolunu acmışdı. məsələ burasındadır ki, Daşqın Hacıyevin təyinatına qədər MKTB-nin rəisi işləmiş Müşfiq müəllimin işdən kənarlaşdırılması da xeyli cavabsız suallar doğurmuşdur. Bu barədə təfərrüatları əks etdirən məlumatlar redaksiyamızda dəqiqləşdirilmə mərhələsindədir.

Ötənki yazımızdan bir məqamı da xatırlatmağa dəyər ki, Rayon İcra Hakimiyyətinin Başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə Göranboy rayonu üzrə Maliyyə İdarəsinin rəisi İltifat Sadıqovun oğlu, o vaxtadək icra hakimiyyətində kiçik vəzifə tutan Sərdar Sadıqov irəli çəkilib. Ceyhun Həsənov qalmaqallı şəkildə yenidən səhnəyə çıxanda məhz bu vəzifəyə gəlmiş, iki ay sonra birinci müavin kürsüsünə keçmişdi. Sərdar Sadıqovun ərazi icra nümayəndələrinə, bələdiyyə sədrlərinə nəzarət edən şöbənin müdiri vəzifəsini Ceyhun Həsənovdan təhvil alması o deməkdir ki, o da ağzında birinci müavinin dilini daşıyır.

Noyabrın son günlərində KİV-də məlumat yayıldı ki, Məhərrəm Quliyev öz sələfi, sabiq icra başçısı Nizaməddin Quliyevin fəaliyyətini yoxlatdırır. Bildirilir ki, Nizaməddin Qulievin hakimiyyəti dönəmində rayon rəhbərliyindən perik düşən Ceyhun Həsənov, Daşqın Hacıyev və başqaları bu yolla sabiq başçıdan və onun hələ də vəzifədə qalan bəzi kadrlarından qisas almaq niyyətindədirlər.Bu arada qeyd edək ki, bir vaxtlar Göranboy rayonunda icra başcısı işləmiş Nizaməddin  Quliyevin həbs xəbəri yayılıb.
Maraqlıdır ki, yoxlama əhatə etdiyi dövrdə hər hansı pozuntular aşkar edərsə, "padşah və vəzir" onun mənfi nəticələrindən "xəzinədar"ı - maliyyə rəisi İltifat Sadıqovu necə qoruya biləcəklər?

Sərkərdə Leonidin başçılıq etdiyi 300 spartalının Fermopil keçidini qoruyaraq fars ordusunun qarşısını kəsməsi barədə qədim dünya tarixi dərsliyini oxumuş hamı xəbərdardır. Natamamlıq kompleksi olan bir əlil spartalı farslara spartalıların arxasına keçmələri üçün dağın arasından yol göstərir. Xəyanət nəticəsində Leonid tələyə düşür. Bütün müşahidələr belə düşünməyə əsas verir ki, qisasçı ruh daşıyan Ceyhun Həsənovda da bir natamamlıq kompleksi var.

Odur ki, Məhərrəm Quliyev onunla ehtiyatlı olmalıdır.  

Araşdırmamız davam edir.

Əks tərəfin mövqeyini dərc etməyə hazırıq.

Zaur Vəliyev

 

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov