Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “yaşıl” elektrik stansiyası yaradıla bilər.
Bizimaz.az bildirir ki, Bunu Trend-ə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi nəzdində “Azəralternativenerji” MMC-nin sədri Aqşin Bəkirzadə deyib.
A.Bəkirzadə bildirib ki, liman bu təkliflə MMC-yə müraciət edib:
“Onlar limanın qismən və ya tam bərpa olunabilən enerji mənbələri ilə təmin olunması imkanının nəzərdən keçirilməsini xahiş ediblər. İndi biz layihə üzərində işləyirik. Maliyyələşdirməyə gəldikdə isə biz Bakı limanına pay iştirakı ilə bağlı təklif vermək istəyirik. İnvestisiya şirkətləri ilə danışıqlar aparmağa da hazırıq. Müddətlər barədə hələlik bir şey deyə bilmərəm, çünki bu, uzunmüddətli layihədir”.
MMC sədrinin sözlərinə görə, hazırda layihə ilə bağlı qiymətləndirmə işləri aparılır:
“İndi biz limanda meteomüşahidə stansiyaları quraşdırırıq. Onlar küləyin sürətini və digər göstəriciləri müəyyən edəcək. Göstəricilərdən asılı olaraq biz hansı turbinlərin quraşdırılmalı olduğunu biləcəyik. Bir çox nüanslar olduğu üçün layihənin dəyəri haqqında danışmaq hələ tezdir”.