Azərbaycan şərabçılıq məhsulunu Monqolustana ixrac etməyə başlayacaq.
Bizimaz.az Trend-in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, bu məhsulun Monqolustana ixracı bu ilin sonu – gələn ilin əvvəlində başlaya bilər:
“İlk tədarük partiyasında bir standart konteynerin 20 faizi həcmində olması gözlənilir. Monqolustan bazarı üçün Azərbaycan şərabı yenilikdir, ona görə də ilk partiya sınaq xarakteri daşıyacaq”.
Monqolustanda şərab evinin açılması imkanı barədə danışan Y.Abdullayev deyib ki, bu məsələ bu il Monqolustana göndərilmiş ixrac missiyası zamanı müzakirə olunub:
“Monqolustanda ticarət evlərinin açılması da istisna olunmur, amma bu, müraciətlərdən asılı olacaq. Maraq olarsa, biz bu təşəbbüsü dəstəkləməyə hazırıq. Monqolustan Azərbaycan üçün yeni bazardır”.