Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət tədbirləri və davamlı islahatlar milli iqtisadiyyatın bütün sahələrində dinamizm meyillərini gücləndirmişdir. Məhz belə uğurlu strategiya nəticəsində respublikamızda davam edən inkişaf dinamikası iqtisadiyyatın bütün sahələrinə müsbət təsir göstərir. Xüsusilə də qeyri-neft sektorunda müşahidə olunan artım tempi Azərbaycan iqtisadiyyatında davamlı inkişafın təmin olunması istiqamətində dövlət siyasətinin müvəffəqiyyətlə həyata keçirildiyini təsdiqləyir.
İqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən uğurlu islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin edərək, real büdcə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə imkan vermişdir. Bu da respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü bir daha təsdiq edir. Məhz bunun nəticəsidir ki, son illərdə ölkədə iqtisadi artım əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuşdur. Qeyri-neft sektorunda iqtisadi islahatların davam etdirilməsi, innovativ, bilik iqtisadiyyatının formalaşması, idxaldan asılılığın azaldılması, gündəlik tələbat malları ilə özünü təminetmə, ölkənin ixracının şaxələndirilməsi, həmçinin yerli resurs və xammalla işləyən və ixrac qabiliyyətli məhsullar istehsal edən sənaye komplekslərinin yaradılması, rəqabətədavamlı məhsul istehsalının, eləcə də, dövlət əhəmiyyətli müəssisələrin fəaliyyətinin dəstəklənməsi, biznes mühitinin əlverişliyinin artırılması, xarici və yerli investisiyaların cəlb edilməsi, özəl müəssisələrin fəaliyyətinə dəstək verilməsi, özəl sektorun inkişafını təşviq edən və rəqabət mühitini təkmilləşdirən institutlara diqqətin artırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür.
Yeni yaradılan Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb. Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunub. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir. Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.
Azərbaycan özünün zəngin neft-qaz ehtiyatlarından uzunmüddətli və davamlı iqtisadi inkişafa nail olmaq üçün uğurla faydalanır. “Qara qızıl”ın qeyri-neft sektorunun inkişafı üçün aparıcı qüvvə olan insan kapitalına çevrilməsi, neft-qaz gəlirlərindən istifadə etməklə gələcəkdə bu gəlirlərdən asılı olmayan güclü, rəqabətədavamlı iqtisadiyyat qurulması strategiyası öz nəticələrini verir. Həyata keçirilən çoxşaxəli islahatlar və güclü dövlət dəstəyi də qeyri-neft sektorunun milli iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilməsi prosesinə öz töhfəsini verəcək.
Şəbnəm Kərimli,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı