Dünya Bankı 2021-ci ildə Azərbaycan iqtisadiyyatının 2,8 faiz böyüyəcəyi barədə proqnoz verib.
Bizimaz.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, bu Dünya Bankının “Global Economic Prospects” hesabatının iyun sayında öz əksini tapıb.
Hesabatın yanvar sayında təqdim edilən proqnoz ilə müqayisədə göstərici 0,9 faiz bənd artırılıb. 2022-ci ildə isə ölkədə 3,9 faiz iqtisadi artımın olacağı proqnozlaşdırılıb. Bu isə yanvar ayının göstəriciləri ilə müqayisədə 0,6 faiz bənd azdır.
Bankın hesabatına görə, ölkəmizdə 2023-cü ildə 3,4 faiz iqtisadi artımın olması gözlənilir.
Avropa və Mərkəzi Asiya ölkələri üzrə aparılan dəyərləndirmələrə əsasən Cənubi Qafqaz ölkələrində 2021-ci ildə iqtisadiyyatda müsbət tendensiya qeydə alınaraq 3,6 faiz artım müşahidə olunacaq. 2022-ci ildə isə region üzrə 4,2 faizə qədər iqtisadi artım proqnozlaşdırılıb.
Qeyd edilib ki, Azərbaycanda iqtisadi böyümənin neft qiymətlərinin sabitləşməsi ilə yanaşı investisiya və yenidənqurma xərcləri ilə dəstəklənməsi gözlənilir.