İranın neft naziri Bijen Zengene İranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə görüşüb.
Bu barədə “Mehr” agentliyi məlumat yayır.
İki ölkə arasındakı əlaqələrə toxunan Zengene bildidib ki, İran-Azərbaycan əlaqələri son illərdə neft, təbii qaz və enerji sektorlarında, xüsusilə Xəzər dənizində ortaq yataqların işlənməsində müsbət səviyyədə inkişaf edib.
Sanksiyalardan qaynaqlanan xarici təzyiqlər səbəbindən bəzi razılaşmaların həyata keçirilə bilməyəcəyinə diqqət çəkən Zengene bu əlaqələrin iki ölkə liderlərinin marağı sayəsində güclənəcəyinə inandıqlarını bildirib.
Zengene İran ilə Azərbaycan Respublikası arasında ticarət əlaqələrinin inkişafını da vurğulayıb.
Şahin Mustafayev də öz növbəsində iki ölkə arasındakı münasibətlərin müxtəlif sahələrində konstruktiv danışıqlar yolu ilə əhəmiyyətli irəliləyişə nail olunduğunu qeyd edib.
“Bu sahələrdən biri də neft və qaz sektorunda müəyyən uğurların əldə edilməsi ilə bağlı əməkdaşlıqdır. Birgə qaz əməkdaşlığı sahəsində də uzun bir tariximiz var və 2004-cü ildən bəri Naxçıvan Muxtar Respublikasının ehtiyac duyduğu qaz İran tərəfindən təmin edilir. Biz bunu qiymətləndiririk”, - deyə Mustafayev bildirib.