Dünya Bankının Direktorlar Şurası Azərbaycanın yol layihəsinə 65 milyon ABŞ dolları dəyərində krediti təsdiqləyib.

 

Bizimaz.az “report”a istinadən xəbər verir ki, kredit “Regional bağlantılarının inkişafı” adlanan yeni yol layihəsinə ayrılıb.

Layihənin ümumi dəyəri 95,88 milyon ABŞ dolları olan layihənin məqsədi Salyan-Biləsuvar yolu boyu təhlükəsiz, səmərəli, iqlim dəyişkənliyinə qarşı dayanıqlı hərəkəti təmin etməkdir.

Bankın açıqlamasında deyilir ki, layihə ölkənin cənubundakı Salyan-Biləsuvar yolu boyunca təhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat bağlantısı təmin edəcək və bazara çıxışı yaxşılaşdıracaq. Bu marşrut boyunca yaşayan təqribən 250 min insan təkmilləşdirilmiş yol infrastrukturundan, iqtisadi imkanlardan və əsas xidmət obyektlərinin xidmətlərindən asanlıqla istifadə etmək imkanı əldə edəcəklər.

"Bu layihə Azərbaycanın milli inkişaf prioritetlərinə çatmasına kömək edəcək", - deyə Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Maykl bildirib. - Dünya Bankının dəstəyi ilə ölkə bu 10 il ərzində inkişafın faydalarını Azərbaycanın bütün bölgələrinə bərabər olaraq paylanmasını, inklüziv və dayanıqlı cəmiyyətin formalaşdırılması, kənd yerlərinin potensialından istifadə olunmasını və insanların bacarıqlarını inkişaf etdirməsini təmin etməkdə qərarlıdır”.

Layihə dörd komponentdən ibarətdir. “Nəqliyyat hərəkəti” adlı birinci komponentin dəyəri 59,24 milyon ABŞ dollarıdır, əsas alt komponent (55,63 milyon ABŞ dolları) adıçəkilən yolun 31,9-103,3 kilometrləri arasında bəzi hissələrinin ikinci dərəcə səviyyəsində bərpasını nəzərdə tutur.

2 milyon ABŞ dolları dəyərində “Yol sektorunun dayanıqlılığı” adlı ikinci komponent intellektual nəqliyyat sistemlərinin tətbiqilə yol idarəçiliyinin təkmilləşdirilməsini, yoldan istifadə etmə haqqının elektron formatda ödənişi üçün müvafiq infrastrukturun qurulmasına texniki yardım göstərilməsini nəzərdə tutur.

“Yerli inkişaf və logistika” adlı üçüncü komponentin başlıca tərkib hissəsi yolboyu logistika və bazar obyektlərinin inkişaf etdirilməsini, bunun üçün kiçik sərmayələr yatırılması üçün pilot layihələrinin tətbiqini əhatə edir.

Dördüncü komponent də layihənin idarəetmə məsələlərini əhatə edir.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir. Bu dövr ərzində Bank Azərbaycanın reallaşdırdığı 50-dən artıq layihəyə 4 milyard ABŞ dolları civarında vəsait ayırıb.