Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, fərmanda deyilir: 

1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi sahəsində aşağıdakı səlahiyyətlərin həyata keçirilməsi müvəqqəti olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilir:

1.1. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi;

1.2. bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq icarəyə verilən torpaqlardan təyinatı üzrə istifadəyə nəzarətin həyata keçirilməsi;

1.3. torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi, habelə bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq icarəyə verilməsi nəzərdə tutulan torpaqlarda həmin kateqoriya daxilində kənd təsərrüfatı yerlərinin (uqodiyaların) dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında məsələ qaldırılması.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi, habelə həmin kateqoriya daxilində torpaqlarda kənd təsərrüfatı yerlərinin (uqodiyaların) dəyişdirilməsinin sadələşdirilmiş qaydasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.2. bu Fərmandan irəli gələn məsələləri həll etsin.