Bizimaz.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın kommunikasiya direktoru David Farrelli açıqlama verib.
O bildirib ki, belə bir qərar AVRO-2020 üçün nəzərdə tutulan 12 stadionun tamaşaçı tutumuna əsasən qəbul olunub: "Stadionlardan 11-də oyunları 50 mindən çox azarkeş izləyə bilər. Yalnız Danimarkanın paytaxtı Kopenhagendəki "Parken Arena" 40 min nəfərlikdir. Hər stadionda bir neçə oyunun təşkil olunacağını nəzərə alaraq, 3 milyondan çox biletin satışını həyata keçirəcəyik".
Farrelli biletlərin iki mərhələdə satılacağını da açıqlayıb. Onun sözlərinə görə, birinci mərhələ bu il iyunun 12-dən AVRO-2020-nin seçmə mərhələsinin sonunadək olan dövrü əhatə edəcək. UEFA rəsmisi ilk dəfə qurumun 60 illiyi münasibətilə bütün qitəni birləşdirən çempionat təşkil edəcəklərini vurğulayıb: "Düşünmürəm ki, bu, belə miqyasda ilk və son Avropa çempionatı olacaq. Ola bilsin, 100 ilik yubileylə əlaqədar da analoji yarış olsun. Amma 40 ildən sonra təşkilatçı şəxslər biz olmayacağıq. Məsələ UEFA-nın bu tapşırığın miqyasından qorxmasında yox, Avropa çempionatında uğurlara nail olmaq üçün bu qədər ölkəni birləşdirə bilməyimizdədir. Azarkeşlərə özünəməxsus hədiyyə bəxş edəcək və bu yarışı hamı üçün keçirəcəyik".
Qeyd edək ki, AVRO-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 68700 nəfərlik arenada matçlar müvafiq olaraq, 13 iyun, 17 iyun, 21 iyun və 4 iyulda keçiriləcək.