“Qarabağ” futbol klubunun oyunu ilə əlaqədar "Koroğlu" stansiyasının iş rejimi dəyişdiriləcək, zərurət yaranacağı təqdirdə, iş vaxtı uzadılacaq.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, noyabrın 29-da UEFA Avropa Liqasının qrup yarışı çərçivəsində “Qarabağ” futbol klubunun Bakı Olimpiya Stadionunda Portuqaliyanın "Sportinq" klubu ilə keçirəcəyi oyunla əlaqədar Bakı Metropoliteninin "Koroğlu" stansiyasının iş rejmində bəzi dəyişikliklər ediləcək.
Stansiya oyunun başlanmasına bir müddət qalmış gücləndirilmiş iş rejimi şəraitinə keçiriləcək. Həmin müddətdə sərnişin axınının tənzimlənməsi məqsədilə stansiyaya əlavə canlı qüvvə və texniki vasitələr ayrılacaq.
Matçın həmin gün saat 21:55-də başlanması nəzərə alınaraq, QSC rəhbərliyinin qərarına əsasən, görüşü arenada izləyənlərin metropolitendən təhlükəsiz və rahat istifadə etməsi məqsədilə xüsusi tədbirlər həyata keçiriləcək.
Oyun gecə saat 12 radələrində başa çatacağından, "Koroğlu" stansiyasının iş rejimi, zərurət yaranacağı təqdirdə, bir saata qədər uzadıla bilər. Matç bitəndən sonra "Koroğlu" stansiyasına daxil olan sərnişinlər qatarların hərəkət etdiyi bütün istiqamətlərdə daşınaraq, mənzil başına çatdırılacaqlar.
Qeyd edək ki, Bakı Metropoliteninin iş rejimi səhər saat 6-dan gecə saat 12-yə qədərdir