Bu gün AFFA-nın inzibati binasında gənclər və idman naziri Fərid Qayıbovla AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov arasında görüş keçirilib.
Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən görüşdə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi, Kütləvi Futbol Departamentinin müdiri Fərrux İsmayılov və Gənclər və İdman Nazirliyinin futbol sektorunun aparıcı məsləhətçisi Əliniyaz Mirzəyev iştirak edib.
Görüşdə AFFA-nın strukturu və fəaliyyəti barədə ətraflı məlumat verilib. AFFA-nın son 4 ili əhatə edən illik hesabat nəşrləri nazirə təqdim olunaraq bildirilib ki, 2010-cu ildən 2020-ci ilə qədər olan bütün illik hesabatlar ictimaiyyətə şəffaf şəkildə təqdim olunub və AFFA-nın saytı vasitəsilə həmin hesabatlarla tanış olmaq mümkündür.
Nazirin diqətinə çatdırılıb ki, 8 komandanın iştirakı ilə keçirilən Azərbaycan Premyer Liqasında idman rəqabəti qənaətbəxş səviyyədə olsa da, AFFA və Peşəkar Futbol Liqası komanda sayının 10-a yüksəldilməsini istəyir. Lakin maliyyə resurslarının çətinliyi ucbatından müvafiq şərtlərə uyğun gələn klubların olmamasına görə komanda sayını artırmaq mümkün olmur. Bununla belə, Premyer Liqaya yüksələ biləcək potensial klubların fəaliyyətini təmin etmək üçün AFFA I Divizionda çıxış edən bir neçə klubu – “Kəpəz” (Gəncə), “Turan-Tovuz” və “Zaqatala”nı tam olaraq maliyyələşdirir.
Elxan Məmmədov uşaq və yeniyetmə futbolu ilə bağlı məsələlərə də toxunaraq bildirib ki, U-9-dan U-19-a qədər bütün yaş qrupları üzrə AFFA tərəfindən liqalar təşkil olunur və bu liqalarda Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin nəzdində olan uşaq futbol məktəblərinin komandalarının da nəqliyyat xərclərini AFFA ödəyir. Üstəlik, müəyyən oyunlar Olimpiya İdman Komplekslərinin meydanlarında keçirilir ki, bunun da müqabilində icarə haqqı AFFA-nın hesabına təmin olunur və AFFA Gənclər və İdman Nazirliyinin bu istiqamətdə dəstəyindən minnətdar olardı.
Qeyd olunub ki, futbol pandemiya dövründə ölkəmizdə bəzi turnirlərin mütəmadi qaydada keçirildiyi, üstəlik, ümumilikdə, U-9-dan U-19-a qədər bütün yaş qrupları üzrə yarışların mövcud olduğu yeganə komanda idman növüdür.
Nazirə məlumat verilib ki, son 10 ildə çox önəmli infrastruktur layihələri həyata keçirilib. AFFA tərəfindən AFFA-nın inzibati binasının ərazisində Futbol Akademiyası, “Bakcell Arena”, “Dalğa Arena”, Bayıl stadionu, Mərdəkanda Milli Komandaların Məşq Mərkəzi, Ağsu şəhər stadionu, Tovuz rayonunda Futbol Akademiyası inşa olunub, hazırda Şamaxı şəhər stadionunun inşası davam edir. Yaxın gələcəkdə Gəncə şəhərində də Futbol Akademiyasının tikilməsi nəzərdə tutulub. Bunlardan əlavə, Zirə İdman Kompleksinin, “Sumqayıt” Futbol Klubunun stadionunun əsas meydanının təbii ot örtüyü, “Neftçi” PFK-nın “Türkish Airlines” Bazasında təbii örtüklü 3 ədəd məşq meydanı, Bakı Olimpiya Stadionunun ərazisində 2 ədəd təbii örtüklü məşq meydanı AFFA tərəfindən inşa olunub. Bakıda və respublikanın müxtəlif bölgələrində 150-dən çox süni örtüklü meydança tikilərək əhalinin təmənasız istifadəsinə verilib. Bütün bu layihələr ilk növbədə dövlətimizin, FIFA və UEFA-nın və sponsorların maliyyə dəstəyi ilə AFFA tərəfindən həyata keçirilib.
Qeyd olunub ki, uzun illərdir SOCAR AFFA-nın baş sponsorudur və futbolda stabil maliyyənin təmin olunmasında AFFA-ya böyük dəstək göstərir. Həmçinin, AFFA-nın bir neçə başqa sponsoru da var, lakin pandemiya ilə əlaqədar hazırkı tərəfdaşlarla əməkdaşlığın davam etdirilməsi və yeni sponsorların tapılması istiqamətində müəyyən çətinliklər mövcuddur.
Gənclər və İdman naziri Fərid Qayıbov səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirib.