Bu gün Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının yarımfinal mərhələsinə start veriləcək.

 

bizimaz.az Bakı vaxtı ilə saat 22:00-da başlayacaq görüşdə Fransa və Belçika yığma komandaları üz-üzə gələcəklər.

İlk finalçı bu qarşılaşmada məlum olacaq.

Mundialın digər yarımfinal oyunu iyulun 11-də Moskvadakı “Lujniki” stadionunda keçiriləcək.

Həmin görüşdə İngiltərə və Xorvatiya milli komandaları finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq və ikinci finalçı da bu qarşılaşmda bəlli olacaq.

Xatırladaq ki, mundialda üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

Bəs görəsən, Azərbaycanın millət vəkilləri hansı millini 21-ci dünya çempionu görmək istəyirlər?

Bununla bağlı Oxu.Az-a açıqlamasında millət vəkili Tahir Mirkişili öncə bildirib ki, bu mərhələdə bütün komandalar yaxşı oyun nümayiş etdirirlər.

“Ancaq düşünürəm ki, Xorvatiya komandasını çempion görmək daha maraqlı olardı”-deyə, o, əlavə edib.

Millət vəkili Aydın Mirzəzadə konkret ölkə adı çəkməsə də, “Gözəl oyun nümayiş etdirənin”-deyib.

Eyni zamanda, millət vəkili ya Azərbaycanın, ya da Türkiyənin futbol üzrə dünya çempionu olmasını arzulayıb.

Digər millət vəkili Tahir Rzayev isə yarımfinala yüksələn hər bir millinin çempion olmağa haqqı çatdığını və bu baxımdan, onlar arasında seçim etməyə çətinlik çəkdiyini deyib:

“Hər biri dünya çempionu olmağa layiqdir, bunu haqq edirlər. Amma eyni zamanda, 21-ci dünya çempionu kimi, ya İngiltərə, ya da Xorvatiya millisini görmək istərdim”.

Millət vəkili Azər Badamov bu çempionatın sürprizlərlə dolu olduğunu, “güclü”lərin əksəriyyətinin mübarizədən kənarlaşdırıldığını bildirib:

“Çox maraqlı bir çempionatdır. İndiyədək güclü sayılanların əksəriyyəti mübarizəni yarımçıq dayandırdılar, necə deyərlər, kimsənin “göz yaşları”na baxılmadı, daha əzmkarlar dörddəbirə, yarımfinala yüksəldilər.

Finala və çempionluğa gəlincə, çox istərdim ki, Belçika və Xorvatiya milliləri finala yüksəlsin , çempion isə Xorvatiya olsun”.

Millət vəkili Eldəniz Səlimov da həmkarı A.Badamov kimi bu çempionatın sürprizlərlə bol olduğunu və futbol tarixinə də məhz belə düşəcəyini bildirib:

“Mən Braziliya millisinə azarkeşlik edirdim, amma təəssüflər olsun ki, yarımfinala çıxa bilmədilər.

Ona görə istərdim ki, finala İngiltərə və Belçika yığmaları çıxsınlar. Çempion kimi də İngiltərəni görmək istərdim”.

Millət vəkili Kamilə Əliyeva futbolla yaxından maraqlanmasa da, futbolun dünyada ən çox sevilən və izlənilən bir idman növü olduğunu söyləyib:

“Baxsaq da, baxmasaq da, izləsək də, izləməsək də, futbol ən gözəl idman yarışmasıdır. Bu, etiraf olunmalıdır. Heç bir idman növünə futbol qədər maraq yoxdur. Futbolun yeri ayrıdır idmanda…

Dünya çempionun hansı milli olmasına gəldikdə isə, hamı Xorvatiya millisini tərifləyir.

Xüsusilə də, dünya çempionatına ev sahibliyi edən Rusiyanı udması hamını sevindirir, hamının ürəyindəndir… (gülür).

Ona görə mən də Xorvatiya millisinin çempion olmasını istəyirəm”.