Xəbər lenti



Bu Vətən, torpağın ürəyində
Sıra dağlar kimi duranlarındır,
Bir tarix boyunca onun uğrunda
  Özünü tarixə verənlərindir. 

 Ehtiyatda olan polkovnik-leytenant Abdullayev Nihat İntiqam oğlu 1981-ci il iyunun 18-də  Bakı şəhəri Yasamal rayonunda anadan olmuşdur. 279 saylı orta məktəbin 8-ci sinifini bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 1998-ci ildə hərbi liseyi bitirib Bakı Ali Birləmiş Komandanlıq Məktəbinə daxil olmuş və 2002-ci ildə oranı bitirmişdir. 1 il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzindəki Zabit İxtisas Kursunu bitirdikdən sonra Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə xidmətini davam etdirmək üçün göndərilmişdir. Orada qısa müddət 5 ay xidmət etdikdən sonra hərbi xidmətinin 2 ilini Murovdağ yüksəkliklərindəki hərbi hissədə, 8 ilini Tovuz rayonunda yerləşən  hərbi hissədə, 2 ilini Ağdam rayonundakı hərbi hissədə, 2 ilini Yevlax rayonu ərazisində yerləşən hərbi hissədə xidmət etmişdir. Daha sonra o xidmətinin son 4 ilini 1-ci Ordu korpusunun baş zabiti kimi keçmişdir. Qəhrəmanımız həm aprel,  həm də 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Hal-hazırda ehtiyatda olan baş zabitdir və eyni zamanda “Gənc İstedadlar” liseyində Hərbi rəhbər vəzifəsində işləyir. Nihat müəllim üçün çətin və ağır olsa da döyüş  xatirələrini bizimlə bölüşdü: “Biz hər zaman müharibənin olacağına,  torpaqlarımızı işğaldan azad edib qələbə əldə edəcəyimizə inanmışıq və buna tam hazır idik. Çünki biz həm döyüş hazırlığına, həm də şəxsi heyətin mənəvi-psixoloji hazırlığına həssas yanaşırdıq. Bu səbəblə də qələbənin birmənalı yalnız bizim olacağına inanmışıq. 

Bizim tapşırığımız manevr edərək düşmən qüvvələrini üzərimizə çəkmək olub. Qarabağın açarı da Ağdam olduğu üçün düşmən əsas təhlükəni də elə bizim istiqamətdən gözləyirdi. Bu səbəblə qarşımızda düşmənin çox sayda, tam hazır vəziyyətdə zirehli texnikası, artilleriya silahları, yeni nəsil tank əleyhinə vasitələri, hava hücumundan müdafiə sistemləri, yeni istifadəyə verilmiş silah-sursatı və ardı arası kəsilmədən köməyə göndərdiyi tam təchizatlı, yüksək hazırlıqlı şəxsi heyəti cəmlənmişdir. Həmçinin, bizdən fərqli olaraq düşmənin strateji yüksəkliklərdə yerləşməsi taktiki üstünlüyün onlarda olmasının göstəricisi idi. Komandir və əsgər heyəti düşmənin üzərinə qorxmadan, əzmlə hücum edirdilər. Onların gözlərində vətən sevgisinin alovu, düşmənə qarşı 30 illik nifrət dolu bir qisas hissi, beyinlərində isə bir məqsəd vardı: “yalnız və yalnız qələbə”. Biz bütün taktiki normativləri, öz əzmimiz və dəmir iradəmiz ilə qıraraq döyüş təlimatına yenilik gətirdik.  Hər kəs bir nəfər kimi verilən tapşırığı tam olaraq yerinə yetirdi. 

Çünki hər şeydən və hər kəsdən öncə Vətənin bütövlüyü məsələsi vardı. Müharibə dönəmində daha bir möcüzə ilə rastlaşdıq. Yer üzündə bizim xalqdan xeyirxah, fədakar və mərd ikinci bir xalqın olmadığını gördük. Vətən müharibəsi zamanı xalqımızdan gələn maddi və mənəvi  dəstək bizi qələbədən qələbəyə aparırdı. Müharibənin gedişatındakı hər bir uğurumuzda xalqımızın arxamızda böyük dayaq və dəstəyini görür, onlara qələbə sevinci yaşatmağa can atırdıq. Müharibə dönəmində biz siyasi sferadan bixəbər idik. Çünki telefon və internet şəbəkəsindən istifadə olunmurdu.


 
Vətən sadəcə üzərində gəzdiyimiz bir torpaq parçası kimi görünə bilər. Dərindən düşünək ki, bu adi görünən torpağın altında hətta nə qədər kəfənsiz qalan şəhidimiz olduğu üçün dövlətimiz qurulub, var olub. Unutmamalıyıq ki, bu adi görünən torpağın hər qarışı müqəddəs şəhid qanıyla yoğrulub. Bu torpaqda əmin-amanlıqla körpələr böyüyürsə, oxuyursa, yeni yuvalar qurulursa, ziyalılar yetişirsə, xəstələr şəfa tapırsa, yaşlılar nəvələri ilə əylənirlərsə, dünyadan köçənlərimiz rahat yatırlarsa demək ki, bu adi yox, müqəddəs torpağımız, Vətənimizdir. Evsiz insanlar bir daxmaya möhtac olduqları kimi, xalqlar da Vətənə möhtacdırlar. Nəzərə alaq ki, İslam aləmində, hələ də bir türk olaraq namus və qeyrət anlayışına digər xalqlardan daha fərqli yanaşırıq. Bizlər ailənin müqəddəs və paklıq anlayışı səbəbi ilə kimsənin evinin içinə yad birinin girməsini istəmədiyimiz kimi, eyni yanaşma ilə də Vətəni qorumalıyıq. Vətənə, dövlətə və dövlətçiliyə toxunmaq olmaz. O bizim müqəddəs dəyərimiz, sarı simimizdir. Vətənə və dövlətə olan borcun nə miqdarı, nə də həcmi var. Peşəsindən asılı olmayaraq hər bir vətəndaşın öz vəzifəsini vicdanla və layiqincə yerinə yetirməsinin özü belə, onun vətənpərvər olmasının dəlilidir.

Ehtiyatda olan polkovnik-leytenant Nihat Abdullayev 44 günlük müharibədə  Ağdam, Suqovuşan, Tərtər,  Goranboy  istiqamətlərində döyüşlərdə iştirak etmiş və Müzəffər Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”, “Suqovuşan uğrunda” və “Ağdam uğrunda”, Baş nazir tərəfindən isə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.

Hazırladı; Afət İlkin

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov