Hərbi polis Laçında fəaliyyətini davam etdirir.
Bizimaz.az bildirir ki, “Qafqazinfo”nun Laçına ezam olunmuş fotoqrafı Pərvin Zeynal minatəməziləmədə iştirak edən polis və itləri iş başında görüntüləyib.
Hərbi polisin kiçik çavuşu Nurlan Tağıyev deyib ki, artıq bir həftədir ki, Laçındadırlar: “Bölmələrimiz Laçın şəhərini Zabux və Sus kəndlərini tam nəzarətə götürüb”.
O bildirib ki, qarşıya qoyulan tapşırıqları qürurla icra edirlər: “Sevinirəm ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi, mənə də Laçın şəhərində olmaq, burada xidmət etmək nəsib olub. Xidmət yoldaşlarımla birlikdə komandirlərimizin rəhbərliyi altında gündəlik fəaliyyətləri icra edirik. İlk gündən burada yeni qurulan stasionar və səyyar postlarda sutkalıq xidmət təşkil olunub. Hərbi polis şəxsi heyəti olaraq buraxılış rejiminə, nizam intizama, həmçinin, xidmət və döyüş növbətçiliyi zamanı günün nizam qaydalarına düzgün əməl edilməsinə nəzarət edirik. Nəzarət-buraxılış məntəqələrində patrul xidməti həyata keçirir, obyektləri mühafizə edir, əraziyə daxil olan texnikaların uçotunu aparır, hərbi maşınların hərəkəti istiqamətləndirir, həm də təhlükəsizlik məqsədilə kolonları müşayiət edirik. Üzərimizə düşən vəzifələri lazımınca icra etmək üçün səylə çalışırıq”.
Qeyd edək ki, avqustun 30-da işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina hadisəsi baş verib. Partlayış nəticəsində ANAMA-nın minaaxtaran it bələdçisi 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Belçika malinuası Dina ləqəbli minaaxtaran it tələf olub.