Dekabr ayının 14-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.
Bizimaz.az "Qafqazinfo"-a istinadən xəbər verir ki, bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edib. O, bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının davam etdirilməsi, cari il ərzində 19 yeni hərbi hissənin və 104 sərhəd-döyüş məntəqəsinin fəaliyyətə başlamasını qeyd edib.
Yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd komendantlığında yaradılmış şəraitlə tanış olublar. Burada şəxsi heyət üçün iş otaqları, zabit-gizir və əsgər yataqxanaları, yeməkxana, hamam-camaşırxana-qazanxana kompleksi, silah və təminat anbarları var. Hərbi hissənin elektrik enerjisi ilə təmin edilməsi üçün elektrik generatorları quraşdırılıb, su xətti çəkilib . Ərazidə sıra meydanı yaradılıb, abadlıq işləri həyata keçirilib, ağaclar əkilib.
Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunublar.