Xəbər lenti

 

Azərbaycanın Milli Qəhrəmanı, polkovnik İlqar Mirzəyevin oğlu atasının ölümü barədə yazıb.

 

O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Mənim canım, gözəl atam. Artıq sənin bizim yanımızdan ayrılmağının bir ili tamam oldu. Sənin üçün çox darıxırıq. Necə tez gəldi keçdi bu bir il...Mənim Qəhrəman atam, niyə belə oldu? Niyə vaxtsız ayrılıb getdin? Şəkillərinə baxdıqca dünyam başıma yıxılır. Heç kim bəzən başa düşmür məni. Kimsə bilmir nələr çəkdiyimi. Çox vaxt ürəyimdə yaşayıram bütün əzabları. Mən hər zaman səninlə dərdləşərdim.

İndi kimə nə deyim? Heç kim sənin kimi dinləməz, gülməz, başa salmaz. Sən hər zaman bizim ailəmizin Qəhrəmanı olmusan, elə də olacaqsan. Bütün Azərbaycan xalqı səninlə qürur duyur, atam. Kursant yoldaşların deyir ki, atanın sözü var idi: Ya General olacağam, ya da hamıdan uca zirvəyə qalxacağam. Hamıdan uca zirvədəsən atam, istəyinə nail oldun.

Sənin ölüm xəbərinlə belim sındı, ehh ata, görəsən, eşidirsənmi məni? Çox pisəm, çox ... Heç vaxt barışa bilməyəcəm sənin ölümünlə. Mənim gözəl, mehriban atam. Necə gözəl günlərimiz, gülüşlərimiz, sevincimiz var idi səninlə, indi hamısı səninlə birlikdə dəfn edilib sanki”, - deyə polkovnikin oğlu bildirib.

E.Mirzəyev qeyd edib ki, atasının adını hər zaman uca tutacaq və onun yolunu şərəflə davam etdirəcək:

“Hər zaman məni yüksəklərdə görmək istəyirdin. Yüksəklərdə olacağam, ucalarda olacağam və qürurla, fəxrlə deyəcəm, mən Milli Qəhrəman, şəhid Polkovnik İlqar Mirzəyevin oğluyam. Dastan yazaram sənin haqqında, amma nə yazsam kifayət etməz.

Heç vaxt döyüşlərdə nələr etdin, nə Qəhrəmanlıq göstərdin, necə çətinliklərdən keçdin demədin. Ancaq indi hamısını mənə əsgərlərin, silahdaşların deyir, danışır. 

Sənin necə Qəhrəman döyüşçü olmusan ki, hamı bir sözü deyir: Bir daha İlqar Mirzəyev dünyaya gəlməyəcək. Canım atam, fəxrim, sənsiz keçən əzab verici bir il ... Rahat uyu, Millətin Qəhrəmanı, rahat uyu Cənab Polkovnik, rahat uyu ATAM!”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov