Xəbər lenti


Ötən ay iyunun 26-da Bakıda Azərbaycan ordusunun yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda nümayiş etdirilmiş silahlardan xüsusən biri-Türkiyənin istehsalı olan “hava-yer” tipli SOM-B1 qanadlı raketi düşməni təəcübləndirdi. Çünki bu raket paradda ilk dəfə nümayiş olunurdu və erməni hərbi analitikləri etiraf etdilər ki, Azərbaycanın SOM-B1 qanadlı raketləri ilə silahlanması ona Qarabağda erməni qüvvələrinin infrastrukturuna yüzlərlə kilometr məsafədən dəqiq zərbə endirməyə imkan verir.

 

bizimaz.az Və bu raketlərə qarşı mübarizə aparmaq praktiki olaraq mümkün deyil. Çünki mürəkkəb trayektoriya ilə hərəkət edən qanadlı raketlərə qarşı mübarizə aparmaq üçün hava hücumundan müdafiə sistemlərinin çoxpilləli radarlar şəbəkəsi qurulmalıdır. Üstəlik belə raketləri izləmək və neytrallaşdırmaq üçün raket əleyhinə müasir silahlar, yüksək peşəkarlığa malik heyət olmalıdır.

Virtualaz.org xəbər verir ki, “The Quwa Defence News & Analysis Group” hərbi xəbərlər və analiz qrupu (Pakistan) Azərbaycan ordusunun silahlanmasına SOM qanadlı raketlərinin daxil olmasını şərh edib. Analitik qrup bildirir ki, Türkiyənin “Roketsan” şirkəti tərəfindən işlənib hazırlanan SOM qanadlı raketlərinin çəkisi 600 kiloqrama yaxın, atəş mənzili 250 kilometrdir. Hazırda Türkiyənin Hərbi Hava Qüvvələri həmin raketləri özünün F-16C və F-4 qırıcılarında yerləşdirib. Hərçənd Türkiyənin əldə edəcəyi F-35 qırıcıları üçün raketlərin daha kompakt versiyası da işlənib hazırlanır.

Xəbərlərə görə Azərbaycan 2017-ci ilin noyabrında Türkiyədən SOM raketlərini sifariş edib. Ehtimal edilir ki, Azərbaycan Hərbi Hava Qüvvələri SOM raketlərini mövcud aviaplatformalarında, xüsusən modernləşdirilmiş MiQ-29 qırıcısında quraşdıracaq. Çünki raketin MiQ-29 qırıcısında ilk sınaqlarının keçirildiyi haqda xəbərlər var. SOM-A və SOM-B1/B2 raketləri Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələrinə güclü müdafiə imkanları verməklə yanaşı fiksə edilmiş və potensial olaraq hərəkətdə olan hədəflərə dəqiq zərbə imkanları da yaradacaq. Bu raketlər peyk siqnalları ilə idarə edilən inersiyal naviqasiya sistemlərinə əsaslanır.

Lakin analitik mərkəz qeyd edir ki, Azərbaycanın bu raketləri almasının Pakistanın aviasiya kompleksinə və JF-17 qırıcılarına da aidiyyatı ola bilər. Azərbaycanın Pakistandan JF-17 qırıcılarını almağa maraq göstərdiyi bir neçə il əvvəldən məlumdur. Bu barədə danışıqlar aparılıb, hətta tərəflərin müqavilə imzalamağa yaxın olduğu haqda xəbərlər də yayılıb. Mərkəz hesab edir ki, əgər Pakistanın Aviasiya Kompleksi JF-17 qırıcılarını Azərbaycana satmağa hələ də maraq göstərirsə o zaman bu təyyarələrdə SOM qanadlı raketlərinin quraşdırılması ən azından kommersiya baxımından əhəmiyyət kəsb edir.

Mərkəzin analitiklərinə görə Azərbaycan HHQ üçün təkcə bu raketi daşımaqdan ötrü yeni qırıcı platformasına investisiya qoymaq az əhəmiyyət daşıya bilərdi. Lakin digər tərəfdən SOM raketlərinin JF-17 qırıcılarına inteqrasiya edilməsi Pakistan tərəfdən bu təyyarələrin cəlbediciliyini artırmaq üçün əlavə effekt olardı. “Bunlar əlbətdə, nəzəriyyədir. Amma SOM raketlərinə malik olan Azərbaycan bir neçə variantdan birini seçə bilər”-mərkəz qeyd edir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov