Xəbər lenti



 

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 113 il keçir.

Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib.

Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal Paşayev elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış "Bir gəncin manifesti" əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırıb. Yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, "Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir.

Mir Cəlal Paşayev görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Qəti əminliklə deyə bilərik ki, təkcə “Bir gəncin manifesti" əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir”) çap olunub. Lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazıb. O dövrün “Şərq qadını”, “Gənc işçi”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, "Naxələf", "Bostan oğrusu", "Qüdrət nümayişi", "İstifadə", "Dəzgah qızı", "Heyrət" hekayələrini çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabları çap olunub. O zaman, 1935-ci ildə “Dirilən adam” romanı ilə Mir Cəlal Paşayev akademik Məmməd Arifin yazdığı kimi “diqqətli bir realist yazıçı olduğunu göstərib”.

Yazıçının qələminə altı roman məxsusdur. Onların arasında “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yolumuz harayadır” keçmişdən, “Açıq kitab”, “Yaşıdlarım” və “Yeni şəhər” isə müasir həyatdan bəhs edir.

Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri" əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər” əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alıb.

Görkəmli Azərbaycan yazıçısı, alimi, pedaqoqu Mir Cəlal Paşayevin əsərləri bir çox xarici dillərə tərcümə edilib, onun əsərləri müxtəlif ölkələrin oxucularında sonsuz maraq doğurub.



Ötən gün Türkiyənin “Baykar Savunma” şirkəti “Bayraktar Akıncı” döyüş pilotsuz təyyarəsinin “ağıllı” raketlərlə ilk döyüş atışları həyata keçirdiyini elan edib. Sınaq atışları əvvəlcə “ROKETSAN” şirkətinin işləyib hazırladığı, 94 kiloqram ağırlığındakı MAM-T qanadlı raketi ilə həyata keçirilib. Daha sonra “Akıncı” MAM-T raketinə daha əvvəl “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin arsenalına daxil edilən MAM-L və MAM-C raketlərini də əlavə etməklə  tam döyüş təchizatı ilə uçub, bu raketlərlə də hədəfə dəqiq zərbələr endirib.

Xəbər verildiyi kimi, “Baykar” şirkəti  bu ilin əvvəllərindən etibarən “Akıncı” döyüş pilotsuz təyyarələrinin seriya istehsalına başlayıb, ilin sonuna qədər bir neçə belə təyyarəni Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil etməyə hazırlaşır.

“Baykar Savunma” şirkətinin “Akıncı” pilotsuz təyyarəsinin MAM-T raketi ilə ilk döyüş atışı həyata keçirdiyinə dair yaydığı görüntülərin ardınca “ROKETSAN” şirkəti də animasiya yayıb. Həmin animasiyada “Akıncı” MAM-T raketi ilə Rusiyanın istehsalı olan “Pantsir” zenit-raket kompleksini necə məhv etdiyi əks olunur. Bu, MAM-T raketinin ilk nümayişidir.

Dərhal görmək mümkündür ki, bu animasiya bir neçə gün əvvəl Rusiyada “Lanset” adlı kamikadze-dronlar istehsal edən “Zara” şirkətinin yaydığı animasiyaya cavabdır. Rusiya şirkəti bəyan edirdi ki, onlar hava sahəsini “minalayan” və  pilotsuz təyyarələrə qarşı effektli mübarizə aparmağa imkan verən “Lanset” kamikadze-dronlarını işləyib hazırlayıblar. Həmin dronların tanıdılması üçün hazırlanan animasiyada “Lanset” “Bayraktar TB2” pilotsuz döyüş təyyarəsini “vururdu”. Bu animasiya Rusiyanın “Bayraktar”lara cavabı kimi qarşılanmışdı və xarici mediada geniş müzakirə edilmişdi.

İndi isə “ROKETSAN” öz animasiya filmi ilə tutarlı “cavab zərbəsi” endirir. Şirkətin işləyib hazırladığı MAM-T ağıllı raketi Rusiyanın məhz “Bayraktar”lara qarşı ən güclü müdafiə vasitəsi kimi tanıtmağa çalışdığı “Pantsir-1S” zenit kompleksini kifayət qədər uzaq məsafədən “məhv edir”.

Məsələ bundadır ki, “ROKETSAN”ın  müvafiq olaraq 8 kilometr və daha yuxarı mənzilli MAM-L və MAM-C raketləri “Bayraktar”ların döyüş arsenalını təşkil edir. “Bayraktar” hərəsindən iki ədəd olmaqla dörd belə raketlə silahlanıb və Qarabağ müharibəsinin təcrübəsindən də göründüyü kimi, Rusiyanın istehsalı olan aşağı mənzilli zenit-raket komplekslərinin əhatə dairəsinə daxil olmadan hədəfləri yüksək dəqiqliklə məhv edir. Lakin Qarabağ müharibəsinin ardınca Rusiya hərbi ekspertləri və mütəxəssisləri deyirdilər ki, əslində “Bayraktar”lar “Pantsir”lərdən yayına bilməz, çünki “Pantsir” 12-15 kilometr məsafədən hədəfi vura bilir. Baxmayaraq ki, həm Suriyada, həm Liviyada “Bayraktar”lar çoxsaylı “Pantsir”ləri məhv etmişdi.

İndi isə “Pantsir”lərin Türkiyə pilotsuz təyyarələrinə qarşı heç bir müqavimət imkanı qalmır. Çünki MAM-T qanadlı raketi 30 kilometr və daha yuxarı mənzillidir (atış hündürlüyündən asılı olaraq), yəni bu raketləri daşıyan “Akıncı” pilotsuz təyyarələri “Pantsir”lərin əhatə dairəsindən çox-çox uzaqlardan ona həmin raketlə dəqiq zərbə endirə bilər. Başqa sözlə, “ROKETSAN”ın yaydığı animasiya Türkiyə pilotsuz döyüş təyyarələrinin Rusiya zenit-raket sistemləri üçün hələ də əlçatan olmadığını nümayiş etdirir. Eyni zamanda “Akıncı” təkcə yerüstü hədəflərə dəqiq zərbələr endirməyə imkan verən MAM-L, MAM-C və MAM-T raketləri ilə deyil, həm də hava hədəflərini məhv etməyə imkan verən “Bozdogan” raketləri ilə silahlanacaq. Yəni potensial hava döyüşündə “Akıncı” həmin “Lanset”ləri də öz raketləri ilə məhv edə bilər.

Virtualaz.org

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov