Azərbaycanda “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Rəhimovanın təxminən 1 milyon manat pulunu ələ keçiriblər.
Bizimaz.az “qafqazinfo”ya istinadən xəbər verir ki, M.Rəhimova ötən ilin dekabrında bununla bağlı Baş Prokurorluğa müraciət edib.
Məhluqə Rəhimova qeyd edib ki, 2010-2011-ci illərdə Bakı sakini – 1950-ci il təvəllüdlü İslam Qulam oğlu Süaci onu aldadaraq 340 min dollar və 181 500 manat pulunu ələ keçirib. Həmçinin, paytaxt sakini 1957-ci il təvəllüdlü Ramis Mövlüd oğlu Nadirov ondan 310 500 manat alaraq mənimsəyib.
İş materialları bir neçə gün öncə araşdırılması üçün Nizami RPİ-yə göndərilib.
Məhluqə Rəhimova açıqlamasında bildirib ki, bu məsələ əlillər cəmiyyəti ilə bağlı deyil, şəxsi məsələsidir:
“Bizim həmin vaxt müəyyən proqramlarımız olurdu, onlar da özlərini yüksək vəzifəli şəxs kimi tanıdaraq bizə dəstək olacaqlarını demişdilər. Əslində heç yerdə işləmirmişlər. Dələduzdular, təkcə məni yox, başqa adamları da aldadıblar.
Müraciət etmişəm, "Banditizm"in (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi - red.) rəisi, general Əbülfət Rzayevlə də görüşdüm, dedi, kömək edəcəklər. Onları tutacaqlar, pul aldıqlarını etiraf etdikləri əl yazıları da var.
Onlar illərdi qaçıb gizlənmişdilər, İslam Rusiyaya getmişdi, Ramiz Gürcüstana qaçmışdı. Çoxdandı onları axtarırdılar, indi daha onlara “Stop” qoyulub, qaça bilməyəcəklər”.
Faktla bağlı araşdırma aparılır.