Bakıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” mövzusunda V Azərbaycan-Rusiya Gənclər Forumu işə başlayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun açılış mərasimində iştirak edib.
Əvvəlcə Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilib. Gənclər və idman naziri Azad Rəhimov forumda çıxış edərək Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti barədə danışıb. Nazir deyib ki, ölkəmizdə gənclərin inkişafını dəstəkləmək, sağlamlığını qorumaq, onların təhsili və asudə vaxtlarının səmərəliliyini təmin etmək istiqamətində mühüm addımlar atılır.
Prezident İlham Əliyev gənclərə hər zaman diqqət göstərir, onların problemlərinin həllinə xüsusi fikir verir. Nazir dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramını xüsusi qeyd edib.
Gənclər və İdman Nazirliyinin dünyanın 65 ölkəsi ilə gənclər və idman sahəsində əməkdaşlıq etdiyini vurğulayan Azad Rəhimov deyib: “Bu il biz ilk dəfə yeniyetmələr arasında istedadların hazırlanması laboratoriyasını beynəlxalq formatda təşkil etdik. Azərbaycan Rusiya Federasiyasının Soçi şəhərində Gənclər və Tələbələrin XIX Ümumdünya Festivalında böyük nümayəndə heyəti ilə təmsil olunub”.
Nazir forumun işinə uğurlar arzulayıb. Tədbir digər çıxışlarla davam edib.