Xəbər lenti

Mənə verilən məlumatlara görə, bir neçə rayonda mənim iştirakımla açılmış Gənclər Mərkəzi indi bağlıdır, qapıya qıfıl vurulub və sadəcə olaraq görüntü naminə fəaliyyət göstərir. Bu, dözülməzdir, buna vəsait xərclənib.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib:

“Gənclər mərkəzlərində gənclər öz asudə vaxtlarını keçirməlidirlər, orada maraqlı tədbirlər, intellektual oyunlar, vətənpərvərliklə bağlı tədbirlər təşkil olunmalıdır. Bu mərkəzlər tikilir, bir çox hallarda istifadə olunmur. Heydər Əliyev mərkəzləri demək olar ki, hər bir rayon mərkəzində vardır. Nədir bu mərkəzlərin məqsədi? Odur ki, o mərkəzlərə vətəndaşlar gəlib öz asudə vaxtlarını keçirsinlər, o mərkəzlərdə dərnəklər fəaliyyət göstərməlidir, o mərkəzlərdə sərgilər keçirilməlidir. O mərkəzlər rayonun mədəni həyatının ayrılmaz hissəsi olmalıdır. Ancaq mənə verilən məlumata görə, bəzi hallarda açılışdan sonra yenə də qapıları qıfıllanır və faktiki olaraq bu mərkəzlər işləmir. Siz bu məsələ ilə çox ciddi məşğul olun. Yəni, rayonlarda həyat daha da dinamik xarakter almalıdır. Əlbəttə ki, rayonlarla böyük şəhərlər arasında fərq var, hər bir ölkədə. Ancaq biz bu fərqi azaltmalıyıq. Rayon yerində elə şərait yaradılmalıdır ki, oradakı vətəndaşlar elə orada yaşasınlar. İş yerləri olmalıdır. İndi dövlət xətti ilə bu proqram icra olunur, o cümlədən ödənişli ictimai işlər yaradılıbdır. Bu il 40 minə yaxın ödənişli ictimai iş yeri yaradılıb. Ancaq əvvəlki mənzərə necə idi? Bəzi icra başçıları saxta adamların adlarını siyahıya yazdırırdılar, onlara düşən vəsaiti mənimsəyirdilər və beləliklə talançılıqla məşğul idilər. Onların artıq cəzası verilibdir. Ona görə bu sahədə də tam şəffaflıq təmin edilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə siz ən kasıb təbəqəni bu işlərə cəlb etməlisiniz ki, onlar işsiz qalmasın. Mən demək istəyirəm ki, bu ödənişli iş yerlərinin böyük əksəriyyəti bizə lazım deyil. Ancaq biz bunu ona görə edirik ki, işsizlik aşağı səviyyədə olsun və rayonlarda iş axtaran işlə təmin olunsun. Yenə də demək istəyirəm ki, bu işlərdə artıq 40 minə yaxın vətəndaş işləyir və eyni zamanda, onların arasında bağbanlar, binaları təmir edənlər də var. O da bizə lazımdır. Ona görə bu sahəyə çox ciddi diqqət göstərilməlidir və elə etməlisiniz ki, vətəndaşlar sizin fəaliyyətinizdən razı qalsınlar”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov