Xəbər lenti



Oktyabrın 10-da Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisinin açılışı olub.

 

 

Bizimaz.az xəbər verir ki, açılış mərasimində Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov, Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk, təhsil müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

 

Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, builki sərgidə dünyanın 22 ölkəsini təmsil edən 150-dən çox təhsil strukturu iştirak edir.

 

Ceyhun Bayramov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən dövr ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə bir sıra mühüm dövlət sənədləri qəbul olunub və layihələr həyata keçirilib. Əldə edilmiş nailiyyətlər təhsil müəssisələrinin, təhsil işçilərinin, müəllimlərin səyləri və bütövlükdə cəmiyyətin verdiyi töhfə nəticəsində mümkün olub.

 

Nazir bildirib ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri təhsil sahəsində də öz əksini tapmalı, bir millət olan bu iki dövlətin təhsil mütəxəssisləri arasında sıx əməkdaşlıqlar qurulmalıdır. Nazir qeyd edib ki, sərgi Azərbaycan və Türkiyə arasında olan əməkdaşlığın bir qədər də dərinləşməsi və zənginləşməsinə xidmət edəcək.

Ceyhun Bayramov qeyd edib ki, nazirliyin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatlar və əldə olunan nailiyyətlər sərgidə ayrı-ayrı pavilyonlarda əhatəli şəkildə öz əksini tapıb.

Təhsil naziri sərginin gələcək hədəflərə nail olunması baxımından qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə, təhsilin və məşğulluğun inkişafı sahəsində yeni layihələrin həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcəyini deyib. O, sərginin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib və uğurlar arzulayıb.

 

Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk ölkələrimiz arasında səmimi, dost və qardaş münasibətlərinin mövcudluğundan söz açıb. Ziya Selçuk təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bu səfərin böyük əhəmiyyət kəsb edəcəyinə əminliyini bildirib. Daha sonra iki ölkə arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Bildirib ki, hazırda iki ölkə arasında təhsil sahəsində çoxsahəli və inkişaf etmiş əlaqələr mövcuddur.

Ziya Selçuk Azərbaycanda göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və bu səfərin təhsil sahəsindəki əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəyinə inamını ifadə edib.

 

Avropa Komissiyasında “NEAR” Baş direktorluğunun bölmə rəhbəri Vassilis Maraqos builki sərgidə Avropa İttifaqının birləşmiş stendinin debüt etdiyini qeyd edib. O bildirib ki, Avropa İttifaqının stendində Avstriya, Çex Respublikası, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Niderland, Polşa və Rumıniya kimi ölkələrin səfirlik və universitetləri təmsil olunur.

“Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun da artıq ənənəvi olaraq hər il keçirilən sərginin maraqla qarşılandığını, ziyarətçilərə təhsil müəssisəsi seçməkdə geniş imkan yaratdığını deyib.

Qeyd edək ki, 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin baş sponsoru “Kapital Bank”dır.

Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. “Caspian Event Organisers” şirkəti sərginin təşkilatçısıdır. 2019-cu ildə sərgilərin tərəfdaşları arasında “Qafqaz Hotels and Resorts”, “Intourist Hotel” və “Boulevard Hotel” mehmanxanaları, eləcə də “Greenwich Travel Club” turoperatoru yer alır.

Sərginin ikinci günü yerli və xarici ali təhsil müəssisələrinin, habelə Azərbaycanın aparıcı şirkət nümayəndələrinin iştirakı ilə “B2B” formatlı görüşlər keçiriləcək.

Üç gün davam edəcək 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinə giriş IX-XI sinif şagirdləri, abituriyent, tələbə və onların valideynləri, təhsil işçiləri üçün açıqdır.

istinad
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov