Bakı Dövlət Universitetinin 100 illik yubileyi bu ali təhsil ocağının Qazax filialında qeyd edilib.
Filialın Heydər Əliyev auditoriyasında keçirilən yubiley tədbirində BDU-nun rektoru Elçin Babayev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, BDU-nun əməkdaşları, filialın müəllim-tələbə kollektivi iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin filialın binasında yerləşən büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini yad ediblər.
Filialın direktoru Arif Rüstəmov tədbir iştirakçılarını, müəllim və tələbələri Universitetin yaranmasının 100 illiyi münasibətilə təbrik edib. A.Rüstəmov Prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə BDU-nun Qazax filialı kimi fəaliyyətə başlamış ali tədris müəssisəsində universitet və rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində təhsilin müasir tələblərə uyğun olaraq qurulması istiqamətində görülən işlərdən, ixtisaslı kadrların hazırlanması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb.
Rektor Elçin Babayev yubiley tədbirində çıxış edərək filialın müəllim və tələbələrini əlamətdar hadisə münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Azərbaycanda milli təhsilin əsaslarının yaranmasında, elm və təhsilin inkişafında xüsusi xidməti olan Qazax Müəllimlər Seminariyasının və yetişdirdiyi kadrların əvəzsiz rolu olduğunu qeyd edərək Seminariyanın keçdiyi şanlı tarixi yoldan söz açıb, onun Azərbaycan təhsilinə saysız-hesabsız ziyalılar bəxş etdiyini, həmin ziyalıların təhsilin inkişafı naminə gördüyü işlərin bugünkü gənc nəsil üçün əsl örnək olduğunu qeyd edib. Bakı Dövlət Universitetinin müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçdiyini diqqətə çatdıran rektor Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından bəhs edərək, ali təhsil ocağının yubiley tədbirlərinin həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş qeyd edildiyini, noyabr ayında böyük tədbirin keçiriləcəyini vurğulayıb.
Rektor, eyni zamanda, Qazax filialında müəllim və tələbələr üçün yaradılan şəraitdən, filialın mövcud vəziyyətindən və görülməsi nəzərdə tutulan işlərdən də danışıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbir iştirakçılarını BDU-nun 100 illik yubileyi münasibətilə təbrik edib. Ölkənin əsas təhsil ocağının filialının Qazaxda fəaliyyət göstərməsini Prezident İlham Əliyevin qazaxlılara olan diqqət və qayğısı kimi dəyərləndirib. Bildirib ki, BDU-nun 100 illik yubileyinin keçirilməsi ilə bağlı dövlət başçısının imzaladığı Sərəncamda universitetin tarixini və fəaliyyətini yüksək qiymətləndirərək söylədiyi fikirlər ölkə təhsilinə, ziyalılığa verilən dəyərdir. İcra başçısı onu da qeyd edib ki, filialın gündən-günə inkişafı, rayondakı parlaq fəaliyyəti, gələcəkdə ictimai həyatımızın formalaşmasında fəaliyyət göstərəcək gənclərin ali təhsil almalarındakı rolu Qazax rayonunun yüz illərlə gələn təhsil mədəniyyətinin bundan sonrakı yüz illərdə də davam edəcəyinin nümunəsidir.
Sonra filialın riyaziyyat və informatika kafedrasının müdiri, professor Hüseyn Xəlilov və III kurs tələbəsi Səbinə Camalova çıxış ediblər.
Bakı Dövlət Universitetinin yeni bayrağı filiala hədiyyə edilib. Həmçinin bu il filiala 500-dən yüksək bal toplayaraq qəbul olan 3 nəfər tələbəyə rektor tərəfindən qiymətli hədiyyələr verilib.