Rusiyanın paytaxtı Moskva şəhərində M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan tarixi” dərslərinə start verilib.
Report-un məlumatına görə, dərslərin təşkili Rusiya Azərbaycan Gənclər Birliyinin sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
Oktyabrın 1-dən dərslərin tədrisinə başlanılıb.
Mərkəzdə “Azərbaycan tarixi” dərslərinin başlanması ilə əlaqədar keçirilən açılış mərasimində çıxış edən Rusiya Azərbaycan Gənclər Birliyinin İdarə Heyətinin üzvü Ceyhun Hüseynov deyib ki, bu, təşkilatın yeni layihələrindən biridir: "Burada məqsəd xaricdə yaşayan həmyerlilərimizin və Azərbaycan tarixi ilə maraqlanan şəxslərin ölkəmizin qədim və qürurverici faktlarla dolu tarixi ilə tanış olmasına şərait yaratmaqdır".
Gənclərin çoxsaylı müraciəti əsasında ərsəyə gələn layihənin iştirakçıları tarix dərslərində iştirak etməyin əhəmiyyətindən söz açıblar.
Rusiya Tibb Universitetinin tələbəsi Rena Sultanova sözügedən dərslərin onun üçün əhəmiyyət kəsb etdiyini və vacib olduğunu bildirib. O, azərbaycanlı olduğu üçün Azərbaycanın tarixini mükəmməl şəkildə öyrənmək istədiyini vurğulayıb.
Qeyd edək ki, 2019-2020-ci tədris ilinin sonunadək davam edəcək “Azərbaycan tarixi” dərsləri həftədə bir dəfə keçiriləcək. Bu fənn M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsinin dosenti İsmayıl Ağakişiyev tərəfindən tədris olunur.