Xəbər lenti

Nazir və müavinləri vətəndaşlarla görüşdü
 

Mədəniyyət naziri Əbülfəs Qarayev Naftalan şəhərində Naftalan şəhəri və Samux rayonundan olan vətəndaşlarla görüşüb.

 

Bizimaz.az : “Qafqazinfo” xəbər verir ki, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev həmin gün Gəncə şəhər Heydər Əliyev Mərkəzində Gəncə şəhəri və Kəlbəcər rayonundan, nazir müavini Rafiq Bayramov Goranboy rayon Heydər Əliyev Mərkəzində Goranboy və Xocalı rayonlarından olan vətəndaşları qəbul ediblər.

Qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb. Nazir Əbülfəs Qarayev vətəndaşlarla görüşdən əvvəl yeni təmir-bərpa olunmuş Naftalan şəhər Mədəniyyət Mərkəzi, şəhər Tarix-Diyarşünaslıq Muzeyi və Nizami Gəncəvi adına Mərkəzi Kitabxana ilə tanış olub. 

Naftalandakı Heydər Əliyev Mərkəzində keçirilən qəbulda şəhər sakinləri tərəfindən Uşaq musiqi məktəbi üçün yeni binanın tikilməsi və ya məktəbin fəaliyyət göstərdiyi binanın Mədəniyyət Nazirliyinin balansına keçirilməsi, kitabxanalara orta məktəb şagirdləri üçün yeni kitabların verilməsi, suvenir sənətinin inkişafı ilə bağlı məktəbin açılması və digər məsələlər haqqında xahiş və təkliflər səsləndirilib.

Həmçinin Samux rayonu ərazisində arxeoloji qazıntı işlərinin aparılması, xalçaçılığın inkişafı üçün zəruri ləvazimatların verilməsi, Samux rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir olunması, rayon Tarix-Diyarşünaslıq Muzeyinə ştatların verilmişi, işlə təmin olunma barədə müraciətlər olub.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin Gəncədə keçirdiyi qəbulda Gəncə şəhər Tarix-Diyarşünaslıq Muzeyinin təmir olunması, Mərkəzləşdirilmiş Kitabxana Sisteminə yeni nəşr olunmuş kitabların verilməsi, Kəlbəcər rayon Uşaq incəsənət məktəbində nağara sinfinin açılması, fəxri adların  verilməsi və işlə təmin olunma ilə bağlı müraciətlər səsləndirilib.

Nazir müavini Rafiq Bayramovun vətəndaşlarla görüşündə Goranboy sakinlərinin müraciətləri rayon ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuş əşyaların Tarix-diyarşünaslıq muzeyinə verilməsi, rayonda yerləşən türbələr kompleksinin təmir-bərpası, folklor qrupunun milli geyimlərlə təminatı, “Faxralı” xalçalarının qədim nümunələrinin eskizlərinin əldə olunması barədə olub. Həmçinin Xocalı sakinlərinin məskunlaşdığı Aşağı Ağca kənd qəsəbəsində Mədəniyyət mərkəzinin yaradılması, Xocalı şəhər Uşaq musiqi məktəbində saz sinfinin açılması, işlə təmin olunma barədə müraciətlər edilib.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilən qəbullarda bütün müraciətlər diqqətlə dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həll edilib, bəzilərinin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Ümumilikdə qəbullarda 50 nəfərə yaxın vətəndaş iştirak edib.

 



 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov