Son illərdə Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən islahatlar təhsildən də yan keçmir. Bir sıra ali təhsil müəssisələri rəhbərlərinin təhsil ocaqlarında etdiyi dəyişikliklər, yeniliklər müxtəlif aspektlərdə özünü göstərir. Xüsusən rektorlarla tələbələr arasında səmimi, isti münasibətin olması müşahidə edilir.
Bizimaz.az: Axar.az çalışdıqları ali təhsil müəssisələrində tələbələrlə daim ünsiyyətdə olan, onların problemləri ilə maraqlanan rektorların siyahısını hazırlayıb.
Sosial şəbəkələrdə tələbələr arasında populyar olan “Azərbaycan Universitetləri” səhifəsinin keçirdiyi sorğunun nəticələrinə görə, siyahıda ilk yeri tutanlardan biri Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevadır.
Kişi rektorlar arasında isə siyahıda ilk yerdə Azərbaycan Dillər Universitetinin rektoru, akademik, xalq yazıçısı Kamal Abdulla qərarlaşıb. Tələbələr K.Abdullanın daim onlarla ünsiyyət qurduğunu, universitetin həyətində onlarla şahmat oynadığını və şikayətlərini dinlədiyini bildiriblər.
Sorğunun nəticələrinə görə, tələbələrin ən çox razı qaldıqları rektorlar sırasında Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Azərbaycan Dövlət Pedoqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli də yer alıb.
Bundan başqa, Mingəçevir Dövlət Universitetinin tələbələri yeni rektor Şahin Bayramovun fəaliyyətindən razı qaldıqlarını vurğulayıblar.
Qeyd edək ki, Azərbaycanda 44-ü ümumi, 7-si xüsusi təyinatlı olmaqla, ümumilikdə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir.