Təhsil naziri Ceyhun Bayramov Biləsuvar rayonunda müasir standartlar əsasında yenidən qurulan 1 nömrəli tam orta məktəbin açılışında iştirak edib. Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, Ceyhun Bayramov təmirdən sonra məktəbdə yaradılan şəraitlə yaxından tanış olub.
Məktəb binası artıq istismara hazırdır və burada inşaat işləri yüksək səviyyədə yerinə yetirilib. Müasir və işıqlı sinif otaqlarının olduğu məktəbdə təlim və tədrisin yüksək səviyyədə aparılması üçün bütün şərait yaradılıb. Məktəbin kitabxanası dərsliklər və dərs vəsaitləri ilə təmin olunaraq şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir idman qurğuları quraşdırılıb. Akt zalında isə məktəbin həyatı ilə bağlı müxtəlif tədbirlərin keçirilməsinə hər cür imkan var. Məktəbdə əyani vasitələrlə təchiz olunan fənn kabinetləri qurulub.
Xarici dil otaqlarının, kimya, fizika və biologiya üzrə fənn kabinetlərinin olduğu məktəbdə informatika kabineti kompyuter avadanlığı ilə təchiz edilib. Məktəbin hərbi kabinetində şagirdlərin hərbi biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb.
Qeyd edək ki, Təhsil naziriCeyhun Bayramov məktəbin yeni salınmış meydanında olub və qapıya topla zərbə də endirib.