“Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetində digər millətlərin nümayəndələri ilə yanaşı Azərbaycandan da xeyli sayda tələbələrimiz var. Fiziki qüsurlu tələbələr həmişə valideyinlərinə yaxın olmaq istəyirlər. Bununla əlaqədar bizdə layihə yarandı ki, universitetin Bakıda filialını açaq”. Bizimaz.az xəbər verir ki, bunu “Report”un Rusiya bürosuna açıqlamasında Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetinin (MDHİU) rektoru, professor Vaqif Bayramov deyib.
O, qeyd edib ki, bu istiqamətdə müxtəlif görüşlər keçirilib və razılıq əldə olunub.
“2016-cı ildə mən və Rusiyanın Təhsil naziri Azərbaycan prezidentinin qəbulunda olduq və filialın Bakıda açılışı ilə bağlı razılığa gəldik. Bu günlərdə son etapdayıq.
Sentyabr ayının 26-sında Bakıda keçiriləcək Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası Dövlət Komissiyasının iclasında Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Moskva Dövlət Humanitar İqtisadiyyat Universiteti arasında müqavilə imzalanacaq və ilk növbədə bizə sənədləşmə işlərini yekunlaşdırmaq üçün ofis ayrılacaq. İnanıram ki, növbəti təhsil ilində biz artıq ilk tələbələrimizi qəbul edəcəyik”.