UNESKO Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyanın bağlanış mərasimi keçirilib.
Bizimaz.az xəbər verir ki, Dünya İrs Mərkəzinin direktoru Mextild Rössler çıxış edərək, sessiyanın keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri, Mədəniyyət naziri Əbülfəs Qarayevə səmimi qarşılanmaya, qonaqpərvərliyə görə təşəkkürünü bildirib:
“Azərbaycan xalqının səmimi qonaqpərvəliyinə görə sizi hələ çox xatırlayacağıq”.
Daha sonra M.Rössler Ə.Qarayevə Dünya İrs Siyahısının əks olduğu kitab bağışlayıb.
Daha sonra müxtəlif ölkələrin nümayəndələri çıxış edərək, Azərbaycana qonaqpərvərliyə və təşkilatçılığa görə təşəkkür edib.
Sonda çıxış edən Əbülfəs Qarayev deyib:
“Bizim ölkəmizlə, şəhərimizlə, adət-ənənəmizlə bağlı söylədiyiniz xoş sözlərə görə minnətdarıq. 2013-cü ikdə mən Bakıda Qeyri-maddi Mədəni İrs Komitəsinin iclasına sədrlik edəndə demişdim ki, indiyədək bu qədər minnətdarlıq eşitməmişəm. İndi mən bu sözləri yenidən deməyə məcburam. Sessiyada 2300 iştirakçı oldu. Onlar nümayəndə heyətləri, vətəndaş cəmiyyəti, QHT-lər və mətbuat nümayəndələrindən ibarət idi. Sessiyanın keçirilməsi bizim birgə səylərimiz nəticəsində baş tutdu. Bu, bizim dünya irsi qarşısında olan ümumi öhdəliyimizdir. Sessiyada 166 qərar layihəsini müzakirə etdik, 29 yeni irs nümunəsini siyahıya daxil etdik. Yüksək səylər göstərilməlidir ki, həmin sahələr bundan sonra da öz orijinal dəyərini qoruyub saxlasın. Mən Azərbaycan Prezidenti, Birinci vitse-prezidentin adından bildirirəm ki, 43-cü sessiyanı Bakıda keçirməkdən, sizləri burada qəbul etməkdən məmnun olduq”.
Ə.Qarayev sessiyanın keçirilməsində əməyi olan hər kəsə, o cümlədən media mənsublarına təşəkkür edib.
Daha sonra UNESKO Dünya İrs Komitəsinin 43-cü sessiyası rəsmən bağlı edilib.
axar.az