Xalq artisti Brilliant Dadaşova həkimlərdən şikayətlənib. İfaçı Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim Fəxrəddin Nəzərlinin diqqətsizliyi nəticəsində səhhətində ciddi problem yaranan gəncin kadrlarını paylaşıb.
Bizimaz.az: Bir neçə gündür sosial şəbəkədə müzakirələrə səbəb olan hadisəyə münasibət bildirən Xalq artisti səhiyyə sahəsində onu narahat edən problemlərlə bağlı fikirlərini Publika.az-a bölüşüb:
“Çox gözəl həkim qohumlarım var. Səhhətimdə problem olduğu zaman yad həkimlərə müraciət etmirəm. Ailəmizdə kardioloq da, göz həkimi də, ginekoloq da, mədə-bağırsaq həkimi də var. Sovet vaxtında təhsil alıblar, odur ki, rus dilli həkimlərdir. Ancaq bir neçə il əvvəl yadımdadır ki, həkimlər arasında test keçirilirdi. Qohumlarımın əksəriyyəti yaxşı, savadlı həkim olduğu üçün xəbərdaram ki, hansı həkim Azərbaycan dilində yaxşı danışa bilmirsə, onu işdən uzaqlaşdırdılar. Kişili-qadınlı hamısı bu problemlə üzləşmişdi. Bunun nəticəsi də artıq göz qabağındadır. Həkim Azərbaycan dili, ədəbiyyatını yox, təbabəti bilməlidir. Əziz Prezidentimiz, bu xalqı çoxsaylı pinəçi "həkimlər"in əlindən xilas edin".
Daha sonra sənətçi bir neçə ay əvvəl Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci (r) sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsindən və həkimlərin onu həyatını xilas etmək üçün heç nə etməməsindən söz açıb:
“Elinanın başına gələnləri gördükdən sonra indiyə qədər özümə gələ bilmirəm. Əvvəlcə toksikologiyaya aparılır, həkim Hippokrat andını unudaraq can verən 14 yaşlı qızdan ünvanını və adını soruşur, ailəsi haqqında sorğu-suala tutur. Halbuki, o, təcili olaraq xəstəxanaya aparılmalı idi. Bu da azmış kimi, Elinanın özünü 3-cü mərtəbədən atdığını bilən həkim onun mədəsini yuduzduraraq su içizdirir, qusdurur və daha da ciyərlərini partladır. Təəssüf ki, belə bədbəxt hadisələrin son zamanlarda tez-tez şahidi oluruq”.
Sənətçi daha sonra Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim Fəxrəddin Nəzərlinin səhlənkarlığı üzündən iflic olan Seymur Əlizadə haqqında danışıb:
“Seymur adlı oğlanın başına gələnləri görüb çox pis oldum. Qıl dönməsi kişi xeylaqlarında olur, tük düzgün bitmir və orda çirk yığılır. Onu balaca çərtib çirki çıxarırlar. Əslində, çibandırsa, ona toxunmaq olmaz. Çünki özü yetişməli və özü partlamalıdır. Amma tük qalıbsa, az hallarda əməliyyat edirlər. Qohum-əqrabadan eşitmişəm ki, əksər hallarda əməliyyat edilmir. Seymuru əməliyyat edən həkim sinir sisteminə bağlı olan damarlara toxunub və qurşaqdan aşağı bədənini iflic edib.
Artıq biz cəmiyyət olaraq belə hadisələrə susmamalıyıq. Bütün problemlərin həllini prezidentdən gözləmək doğru deyil, hər işi hökumətin üstünə yıxmaq olmaz. Cəmiyyət özü də öz qollarını çırmalayıb hərəkətə keçməlidir, vətəndaşlara, qohum-qonşuya və bir-birinə qarşı biganə olmamalıdır. Biz sovet dövründə və başqa dəyərlər altında tərbiyə almışıq. Odur ki, laqeyd qala bilmirik”.
Sosial şəbəkələrdə həkimlərin səhlənkarlığı üzündən həyatı məhv olan insanların taleyinə laqeyd yanaşa bilməyən və ziyalı həssaslığı göstərən ifaçı sözlərinə belə davam edib:
“Pinəçi də olsan, öz işinin ustası olmalısan. O cümlədən, həkim, müəllim və sənətçilər. Hər insan öz ixtisasının peşəkarı olmalı və bildiyi sahə üzrə çalışmalıdır. “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan” məsəli burada yerinə düşər. Nə filosofların, nə də alimlərin sözləri boş deyil, yaşadıqca buna bir daha əmin oluruq. Təəssüf ki, bəzən səlahiyyətli şəxslərin öz işinə qarşı biganəliyinin şahidi olur və çıxış yolunu cənab prezidentimizə müraciət etməkdə görürük. Çünki o, həmişə xalqına qarşı çox diqqətli və mərhəmətlidir.
Qeyd edək ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə dəfələrlə əlaqə saxlasaq da suallarımıza cavab verən tapılmadı.