Prezident İlham Əliyev “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda beynəlxalq memarlıq forumunun iştirakçılarına məktub ünvanlayıb.
Məktubun mətnini AZƏRTAC dərc edib.
“Hörmətli forum iştirakçıları!
Sizi ölkəmizin paytaxtında “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda beynəlxalq memarlıq forumunun öz işinə başlaması münasibətilə səmimi təbrik edir, hər birinizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Biz ilk mötəbər forumunuzun unikal memarlıq abidələri və eyni zamanda modern üslublu binalarla zəngin, təkrarsız görkəmə malik Bakı şəhərində təşkilini yüksək qiymətləndiririk. Bu, şəhərsalma və memarlığı özünəməxsus inkişaf yolu keçmiş çoxəsrlik Azərbaycan mədəniyyətinə ehtiramın təzahürüdür.
Turizmin müasir problemləri, o cümlədən dövrümüzün reallıqları ilə yaxından səsləşən kütləvi turizm fenomeni ətrafında müzakirələrin məhz belə tarixi məkanda aparılması forumunuza aktuallıq qazandırır.
Artıq ayrıca sənaye sahəsinə çevrilmiş olan turizm sektoru hazırda dünya ölkələrinin iqtisadiyyatında əhəmiyyətli rol oynamaqdadır. Azərbaycanı onun təbii sərvətləri və rəngarəng coğrafi landşaftı, zəngin mədəni irsi və yenilənmiş infrastrukturu turizm baxımından cəlbedici edir.
Bu mədəni və ekoloji turizm potensialı nəzərə alınaraq respublikamızda turizm sektorunun inkişafı ən prioritet hədəflərdən biri elan edilmişdir. Məqsəd təbiət abidələrimizi və xalqımızın böyük keçmişinin izini yaşadan qədim mədəniyyət yadigarlarını geniş miqyasda tanıtmaqdır.
Vurğulamaq istərdim ki, müstəqillik illərində memarlıq və şəhərsalma sahəsində sosial inkişafın əsası kimi qiymətləndirilən mühüm işlər görmüşük. Yaşayış yerlərinin mühəndislik və nəqliyyat infrastrukturu modernləşdirilmiş, yüksək səviyyəli hotellər və neçə-neçə sosial obyekt inşa edilib.
Bu işlərin uğurla gerçəkləşdirilməsi memarlarımızın fəaliyyəti ilə sıx əlaqəlidir. Onlar ölkəmizdə mədəni özünəməxsusluğun qorunub saxlanması və əcdadlardan qalma mirasın gələcək nəsillərə layiqli şəkildə çatdırılması naminə var qüvvələri ilə çalışırlar.
Son illər memarlarımızın xüsusən tarixi şəhərlər və kütləvi turizm arasında ahəngdarlığın təmin edilməsi üçün Beynəlxalq Memarlar İttifaqı ilə münasibətləri zəminində göstərdiyi təşəbbüs və atdığı addımlar təqdirəlayiqdir.
Ümidvaram ki, forum çərçivəsində memarların tarixi yerlərdə kütləvi turizmin idarə olunmasında roluna dair aparacağınız diskussiya və fikir mübadilələri, irəli sürəcəyiniz tövsiyə və təkliflər turizmin aktual məsələlərinin həllinə öz töhfəsini verəcək, həmçinin, əməkdaşlığınızın daha da dərinləşməsi və yeni istiqamətlərinin müəyyənləşməsinə xidmət edəcək”.