Xəbər lenti

Təqdim etdiyimiz bu məqalə Cümhuriyyətimizin 34-cü ildönümü ilə bağlı 1952-ci ildə Almaniyada nəşr olunan “Kafkasiya” dərgisinin 10-cu sayında nəşr olunub. Cümhuriyyətimizin 99-ci ilində mühacirətdə qələmə alınan həmin yazını dərc edirik.

Azərbaycanın İstiqlal Günü

Mirzə Bala

28 May, 1918… İctimai sinif, zümrə, din, məzhəb və məslək ayrılığı etmədən, qadın-kişi, gənc-qoca, bütün millətin kütləvi, gizli və bir dərəcəli ümumi seçki üsulu ilə sərbəst rəy verməsi nəticəsində qurulan və müxtəlif siyasi partiyaların da iştirak etdiyi Azərbaycanı “Kamil el-hukuk müstəqil bir dövlət” olaraq elan etmişdir.

Bu gün, nəsillərin təxəyyül etdiyi və əcdadımızın uğrunda sevə-sevə can verdiyi Azərbaycan milli idealının gerçəkləşdiyi tarixi bir gündür. Tariximizin ən xoş günü olan 28 mayda Azərbaycan milli iradəsi müstəqil milli bir dövlət kimi təcəlli etmişdir. 28 May Azərbaycanın rus boyunduruğundan azad olduğu və Rusiya ilə olan bütün bağların qoparıldığı bir gündür. Rus əsarəti dövründəki tariximizi bilənlər bu xoş günün təsadüfi əsər olmadığını, milli mücadiləmizin təbii və məntiqi nəticəsi olduğuna inanmaqda tərəddüd etməyəcəklər.

Milli mədəniyyətə sahib, milli adət və ənənəyə malik, tarixi yaddaşını itirməyən hər hansı məhkum və mağdur bir millət kimi Azərbaycan türklüyü də istiqlalına tam qovuşana qədər qət etdiyi yolun ilk mərhələsində milli mədəniyyətinə sahib cıxaraq, o mədəniyyəti modernləşdirərək siyasi şüurunu əldə etdi. XIX əsrin ilk yarısında rus əsarətinə düşən Azərbaycan türklüyü əsrin ortalarına yaxın Qərbi Avropa əsasları üzərində milli mədəniyyətini inkişaf etdirdi. Milli mətbəənin təsisi, milli qəzetlərin nəşr olunması, modern milli teatrın açılması, Avropa üslunda məktəblərin qurulması bu dövrə təsadüf edir.

1905-ci il inqilanının verdiyi nisbi azadlıqdan istifadə edən Azərbaycan türklüyü milli mədəniyyətinin inkişafını sürətləndirməklə bərabər, artıq siyasi tələblərə də meydana çıxırdı.

Rus əsiri olan bütün türklərin işrirakı ilə 1905-ci ildə qurulan və azərbaycanlı Əli Mərdan bəy Topçubaşının rəhbərlik etdiyi “Rusiya Müsəlmanları İttifaqı” – “Vicdan azadlığı, bütün vətəndaşların arasında hüquqi bərabərlik, mədəniyyət sahəsində milli inkişafa qanunla icazə verilməsi” kimi sadə, demokratik əsaslarla kifayətləndilər. Rus əsarətində olan bütün türkləri qanadı altına alan bu ilk siyasi təşkilatın lideri Əli Mərdan bəy eyni zamanda Rusiya Dövlət Dumasında (Parlament) rus olmayan millətlərə mənsub olan deputatların qurduğu “Muxtariyyətçilər birliyi”nin həmsədri idi. Bununla da bütün türk və müsəlmanları, həmçinin qeyri-rusları da digər məhkum millətlərlə bərabər, Azərbaycan türklüyü də 1905-ci ildə istiqlalın ilk addımı olan “muxtariyyat” mərhələsinə ayaq basmış oldu. Yeni yaranmış Hərəkatı hər istismarçı ölkədə olduğu kimi rus “samoderjaviye”si də rahat buraxmırdı. “Muxtariyyat” sözündə “Milli dövlət” anlayışının gizləndiyini sezməkdə gecikməyən rus istibdadı, məşuiyyətin təsisindən 2 il belə keçmədən rus “mujik”inin pis üzünü göstərməyə başlamışdı. Stolpinin qan qusduran irticası Rusiya daxilində muxtariyat halında yox, fövqəladə bir insan olaraq, yaşamağın belə çətinliyini ortaya qoyurdu. 3 iyun 1907-ci il tarixli qərarı ilə ikinci Dövlət Dumasını ləğv edən Çar hökuməti seçki haqqında qanunu qeyri-rusların zərərinə dəyişdirdi. Rusiyadakı türkləri siyasi və mədəni haqlardan məhrum edən yeni bir seçki qanunu tərtib etdi. Bunun nəticəsi olaraq, birinci və ikinci dumada 40 deputatla təmsil olunan türklər, üçüncü dumada 7 deputatla təmsil olundular. Bu isə təxminən hər 5 milyona 1 deputat deməkdir. Həmçinin 1910-cu il tarixli digər bir qərarla qeyri-ruslara milli mədəniyyət mərkəzləri qurmaq icazəsini verən 4 mart 1906-cı il tarixli qərarını da ləğv etdilər. Rusiyada yaşamaq zillətinə qatlanan müsəlmanlara tək bir dini-ruhani idarə qurmaq haqqını tanıyan “din azadlığı” haqqında qanunu da qüvvəyə minmədən ləğv edildi. Bu gün də qırmızı rus imperatorluğunda olduğu kimi “türkcə təhsil verən məktəblərə “Osmanlı casus şəbəkəsi” damğasını vurmuşdular.

Bax, rus əsarətində olan türklər 12 mart 1917-ci il çevrilişini belə bir vəziyyətdə dərk etdilər. Və şübhəsiz ki, belə olan halda onların rusların “Mədəni Muxtariyyat” və s. kimi digər vədləri də öz əhəmiyyətini itirdi. Millətimizin milli varlığının, milli mədəniyyətinin və bütün milli müqəddaratının əbədi olaraq təhlükəsizliyini təmin edəcək və onu bir millət olaraq, yaşadacaq mədəni və təməlli bir tədbir görmək lazım gəlirdi.

Bu tədbir də rusların hər hansı bir müdaxiləsinin qarşısını ala bilən Müstəqil Milli Dövlətdən ibarət ola bilərdi.

1917-ci ilin aprel ayının əvvəlində, yəni rus çarının devrilməsindən 20 gün sonra Bakıda toplanan “Qafqaz Müsəlman Qurultayı” və həmin ilin 1-11 mayında Moskvada keçirilən “Bütün Rusiya müsəlmanlarının konqresi”də əsarət altında olan türklərin müqəddəratı müzakirə edildi. “Rusiya Müsəlmanları İttifaqı”nın lideri və sədri Əli Mərdan bəyin sədrlik etdiyi bu qurultaylarda Azərbaycan “Müsavat” partiyası adına Məhəmməd Əmin Rəsulzadə və Yusifbəyli Nəsib bəy “Milli Dövlət” anlayışını müdafiə edirdilər. Onlara görə, çökən rus imperatorluğunun dağıntılarının yerində ayrı-ayrı milli dövlətlər qurulacaq və bu dövlətlərin bərabər sayda nümayəndələrindən ibarət “Federal Hökumət” təşkil olunacaq.

“Milli dövlət” təklifi qızğın müzakirələrdən, dartışmalardan və xüsusən də Məhəmməd Əmin Rəsulzadənin uzun sürən çıxıs və müdafiəsindən sonra Moskva konqresinin böyük əksəriyyəti tərəfindən alqışlarla qəbul edildi.

Rusiyada yeni qurulan məclisin seçkilərinə “Milli dövlət” şüarı ilə gedildi. Azərbaycan xalqı səsini 75 faizi “Milli dövlət” tezisini müdafiə edən “Müsavat” partiyasının deputat siyahısına verməklə, siyasi mövqelərini nümayiş etdirdilər. (1918-ci ilin fevralında bu deputatlardan qurulan Cənubi Qafqaz Seymində və Azərbycan Milli Şurasında 40 deputatın 30-u “Müsavat”a, 7-si sosialistlərə, 3-ü də “Rusiya Müsəlman İttihad” partiyasına mənsub idi.)

Rusiyanın siyasi partiyaları bu nəticə ilə heç cür razılaşa bilmirdilər. Bolşeviklərin Bakıda çıxan “Bakinskiy raboçi” qəzeti də “Milli dövlət” anlayışını və hətta muxtariyyatı belə çox görərək yazırdı: “Sizə muxtariyyat yerinə qəbristanlıq verərik”. Fəqət, bütün bu təhdidlərə rəğmən, qeyri-ruslar rəsmən “Milli dövlət”lərini qurmağa başlamışdılar. Keçirilən seçkilərdə hər millət öz ölkəsinin idarəçiliyini öz əlinə almağa cəhd edirdi. Hər millət məktəblərini, idarəetmə strukturlarını milliləşdirərək milli polis, milli milis və milli ordularını qurmağa başlamışdı.

Qurulan federasiyanın təməlini təşkil edən milli dövlətlərin qurulmasına minbir əngəl yaradan müvəqqəti hökumətin sədri Kerenski inqilabçıların ortaya atdığı “İlhaqsız və təzminatsız demokratik barış” tələbəni rədd etdi. Yorğun rus ordusuna Almaniyaya qarşı hücum əmrini verdi. Bu da Rusiyanın sonunu gətirdi.

Anarxiya və daxili çəkişmələr, millətlərin demokratik yollarla öz müstəqilliklərinə qovuşmaq imkanlarını artırmışdı. Ruslar bir-biri ilə boğuşarkən, qeyri-ruslar milli müqəddəratlarının həlli ilə məşğul idilər.

1917-ci ilin noyabrın 11-də Azərbaycan, gürcü və erməni nümayəndələrinin iştirakı ilə “Cənubi Qafqaz Komissarlığı” adı altında bir hökumət quruldu. Rusiya müəssislər məclisinə Cənubi Qafqaz seçki dairəsindən seçilən Azərbaycan, gürcü və erməni nümayəndələri 15 fevral 1918-ci ildə “Seym” adlı bir məclis qurdular. Belə olan halda Komissarlıq istefa etdi və onun yerində Seym yeni bir hökumət qurdu. Seymin ilk yığıncağında siyasi partiyalar bəyannamələrini oxuyarkən, Azərbaycandan “Müsavat” partiyasını təmsil edən Həsən bəy Ağaoğlu demişdi ki: “Biz bugünkü Seymə, bəslədiyimiz bütün ümidlərimizi və ölkəmizin adına bütün davaları həll edəcək bir Müəssislər Məclisinə baxdığımız kimi baxırıq…”

“…Millət məsələsinə gəlincə, həç kimin haqqına toxunmadan və tarixi qonşularımız ilə dostluq və mehriban qonşuluq şəraitində milli istəklərimizin həyata keçməsinə çalışacaq və bu yolda fədakarlığımızı əsirgəməyəcəyik”.

1918-ci ilin mart ayının 12-də Seymin Azərbaycan fraksiyası Cənubi Qafqazın Rusiyadan tamamilə ayrı, müstəqil bir dövlət kimi elan edilməsini tələb etdi. 6-7 aprel toplantısında isə Azərbaycan fraksiyası Cənubi Qafqazın müstəqilliyi elan edilmədiyi təqdirdə, Azərbaycanın istiqlalını elan edəcəkləri barədə düşünəcəklərini dedilər.

Və nəhayət Məhəmməd Əmin Rəsulzadənin təkid və tələbindən sonra Seym tərəfindən 1918-ci ilin aprelin 9-da Cənubi Qafqazın istiqlalı elan edildi. Aprelin 13-də isə müstəqil Cənubi Qafqaz Konfederasiyasının ilk hökuməti qurulan zaman, Məhəmməd Əmin Rəsulzadə Şimali Qafqazda da istiqlalın qurulacağını və Cənubi Qafqazla Şimali Qafqazın birləşməsi üçün hökumətin tədbirlər görəcəyinə ümid etdiyini dedi.

Məlumdur ki, Şimali Qafqaz başqa bir seçki dairəsinə daxil olduğundan, bütün Qafqazı birləşdirən bir məclis qura bilməmişdi. Fəqət, hərbi və siyasi hadisələrin sürətlə inkişafı nəticəsində Şimali Qafqaz da mayın 11-də öz istiqlalını elan etdi. Belə olduğu təqdirdə mayın 26-da Gürcüstan, 28-də isə Azərbaycanla Ermənistan müstəqilliklərini elan etdilər. Bunun nəticəsində də Qafqaz xalqları uyğun bir vaxtda yenidən konfederasiya əsasları daxilində birləşmək üçün 4 milli cümhuriyyətə ayrıldı. Onsuz da birgə yaşam mənfəətlərinin zəruri etdiyi bu konfederasiya milli varlığın yeganə təminatı olan milli dövləti yaşatmaq üçün lazım idi. Şübhəsiz ki, milli dövlət və milli istiqlal hər şeyin üstündə və hər şeydən yüksəkdir.

Bayaqdan haqqında danışdığımız və istiqlal mübarizəmizin siyasi cəbhəsini təşkil edən bu tarixi hərəkata diqqət yetirəndə, Azərbaycan türkünün daima müstəqil milli bir dövlətə doğru yol aldığını və bu böyük milli idealın adına tarixi fürsətlərdən imkan daxilində müvffəqiyyətlə istifadə etdiyini görürük.

Bax budur, 28 May yüksək milli bir ideal sahibi fədakar bir nəslin yorulmaq bilməyən iradəsinin parlaq bir nümunəsidir. Bunun inkaredilməz maddi dəlili isə 2 illik müstəqil Cümhuriyyətimizdir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov