“Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin təşkilatçılığı və Şamaxı rayonu İcra Hakimiyyətinin dəstəyi ilə “Qəhrəmanlar unudulmur” layihəsi çərçivəsində Şamaxıda tədbir keçirilib.
Bizimaz.az Axar.az-a istiadən xəbər verir ki, tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, millət vəkili Qənirə Paşayeva, türkiyəli yazar Məryəm Aybikə Sinan, “Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin sədri Sevinc Alızadə, yazıçı-publisist Aida Eyvazlı, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları və gənclər iştirak ediblər.
Mərasimdə Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımızın döyüş yolu haqqında iştirakçılara məlumatlar verilib. Qeyd edilib ki, bu qəhrəmanlar hər bir gəncimiz üçün mükəmməl örnəkdir.
Millət vəkili Qənirə Paşayeva qəhrəman şəhidlərimiz haqqında tədbirlərin tez-tez keçirilməsinin vacibliyini qeyd edib.
“Torpaqlarımızın 20 faizi hələ də düşmən işğalı altındadır və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün şəhidlərimizin həyat yolundan gənclərimiz örnək almalıdır, gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımız, müəllimlərmiz, hər birimiz fəal olmalıyıq”, - millət vəkili deyib.
Q.Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əminik.
Türkiyəli tarixi əsərlər müəllifi Məryəm Aybikə Sinan Azərbaycan xalqının qəhrəman bir xalq olduğunu, tarix boyu öz dəyərləri uğrunda daim mücadilə etdiyini bildirib. Bu mücadilə nəticəsində Azərbaycan indi müstəqil dövlətdir.
Aprel qazisi Əhliyyət Mehdiyev, yazıçı-publisist Aida Eyvazlı da çıxış edib.
Sonra Dövlət Sərhəd Xidmətinin solisti Fəxri Kazım Nicat vətənpərvərlik mahnıları ifa edib.
Daha sonra Mədəniyyət evinin foyesində şəhidlərin döyüş yolundan bəhs edən sənədli və bədii kitabların sərgisi keçirilib. Millət vəkili Q.Paşayeva şəhid ailələrinə müəllifi olduğu kitabları hədiyyə edib.