Biz hamımız yaxşı bilirik ki, dövlət başçısı o sükanı düzgün saxlamasa, o farvater daşların arasından məharətlə keçilməsə, heç bir hüquq-mühafizə orqanı bacarmaz ki, əmin-amanlığı saxlasın, inkişafı saxlasın. Bunun hamısında biz həm Ulu Öndərə və bu gün də onun oğlu, sevimli, möhtərəm Prezidentimizə minnətdar olmalıyıq.
Bizimaz.az: Axar.az-ın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətində “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Mədət Quliyev deyib.
Onun sözlərinə görə, 4 iyun 1993-cü ildə Gəncədə baş verən hadisələrin şahidi olub:
"Mənim babam Mədət Qulubəyli 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin polisində xəfiyyə işləmişdir. 20-ci ildə Azərbaycan Qızıl Ordu tərəfindən zəbt olunandan sonra, o, Azərbaycan milisində, SSRİ milisində işləmişdir. Gəncənin, Xanların, Samurun, Qasım İsmayılın rəisi olmuşdur. 1930-cu ilin noyabrın 28-də Gəncədə saxlanılıb, Bakıya, bura gətirilir. Ola bilsin, onu mən indi burada durduğum və yaxud kimsənin durduğu yerdə qətlə yetiriblər, dünyasını dəyişib. Amma mən bu barədə yox, bugünkü reallıqdan danışmaq istəyirəm. Biz bura gələndə bəzilərimiz fikirləşə bilərdik ki, bu 30-cu illərdə, 40-cı illərdə oldu və tariximizdən silindi, daha belə rüsvayçılıq, belə biabırçılıq, belə fəlakət olmaz. Amma reallıqda belə deyil. Heydər Əliyev bir neçə il ərzində Naxçıvanda yaşadı. Paytaxtı biz Heydər Əliyevsiz gördük, 1988-1993-cü illərdə Azərbaycanda o fəlakəti, o böhranı, hərc-mərcliyi, biabırçılığı gördük. Biz o günləri gördük ki, Azərbaycanda evinə çörək almaq istəyən əlinə tapanca alıb səhər saat 4-də, 5-də gedirdi, bir çörək alıb evinə gətirirdi".
M.Quliyev bildirib ki, belə bir zamanda artıq Azərbaycanda qardaş qırğını, müharibə başladı: "Faktiki olaraq 4 iyun 1993-cü ildə Gəncədə, mən də bunun şahidi oldum, qiyam başladı və belə bir anda xalqımız, qədirbilən xalqımız meydanlara çıxıb bugünkü günün naminə meydanlardan Ulu Öndərin Azərbaycana qayıtmağını tələb etdi, xahiş elədi. Artıq mən bu vəzifədən görürəm ki, onlar, o siyasi dəstələr digər dövlətlərin xüsusi xidmət orqanları tərəfindən idarə olunurdu və onların qabağında da məqsədlər qoyulmuşdu ki, 30-cu illər, 20-ci illər yenidən Azərbaycanda təkrar olmalı idi. Azərbaycan 4-5 yerə bölünməli idi və Azərbaycan tarixdən, xəritədən silinməli idi".
DTX rəisi əlavə edib ki, Ulu öndər öz ailəsinin də, özünün də canını təhlükə altına qoyaraq Bakıya qayıtdı və Azərbaycanı tərəqqi yoluna qoydu:
"Bu gün Heydər Əliyev tərəfindən yaradılmış dövlətdə yaşayırıq. Azərbaycanı Almaniya, Fransa, İngiltərə ilə müqayisə edirik, belə də olmalıdır. Yəni biz ən inkişaf etmiş dövlətlərlə özümüzü müqayisə etməliyik, halbuki reallıqda yerləşdiyimiz qonşu dövlətlərlə özümüzü müqayisə etməliyik. Biz onlardan qat-qat üstünük. Azərbaycanın hər cür təminatı var. Ən əsası da odur ki, ölkəmizə Ulu Öndərin yetişdirdiyi, tərbiyə etdiyi bir siyasətçi – möhtərəm prezidentimiz İlham Əliyev Azərbaycana müdrüklüklə, peşəkarlıqla rəhbərlik edir. Mən məlumatlar alıram, hər gün səhər–səhər mənə məruzələr olur, bu kimi layihələr Azərbaycana qarşı bu gün də hansısa otaqlarda, hansısa dövlətlərdə planlaşdırılır. Biz bunu heç bir vaxt yadımızdan çıxarmamalıyıq. Xalqımız bu gün bu gördüyümüz və yaşadığımız tarixin təkrar olunmaması üçün biz hamımız möhtərəm Prezidentimizin ətrafında sıx durmalı, lazım olsa canımızdan da keçməyə hazır olmalı, vəzifə borcumuzu yerinə yetirməliyik".