Millət vəkili Qənirə Paşayeva Tovuzun kəndlərini ziyarət edərək sakinlərlə görüşüb.
Bizimaz.az : sakinlər görüş zamanı ünvanlı sosial yardım, təhsil, səhiyyə, işlə təminat, məşğulluq, qaz, su və elektrik təchizatı ilə bağlı üzləşdikləri problemin həllinə dəstək göstərilməsi üçün Q.Paşayevaya müraciət ediblər. Millət vəkili sakinlərin şikayətlərini dinləyib və həlli istiqamətində müvafiq müzakirələr aparıb.
Millət vəkili həmçinin bir sıra şəhid ailələrini, Qarabağ müharibəsi əlillərinin ailələrini, fiziki imkanları məhdud insanları ziyarət edərək onların da problemləri ilə maraqlanıb. Kəndlərdə bir sıra xəstələri ziyarət edən Q.Paşayeva onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yaxşı müalicə almaları və əməliyyat olunmaları üçün Bakı və Tovuz rayon xəstəxanalarına müraciət edib.
Millət vəkili Prezident İlham Əliyevin göstəriş və tapşırıqları ilə Tovuzda insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və nəzərdə tutulan layihələr barədə də ətraflı məlumat verib.
Q.Paşayeva sakinlərin bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların təkliflərini parlamentdə səsləndirəcəyini söyləyib.