Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “Heydər zirvəsi”nə yürüş təşkil edib.
Bizimaz.az: DTX-dən verilən məlumata görə, “Heydər zirvəsi”nə yürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları iştirak edib.
Yürüş iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad ediblər və məzarı önünə gül dəstələri düzüblər.
Sonra Bakı şəhərindən müstəqil Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin adını daşıyan, Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən və hündürlüyü 3751 metr olan “Heydər zirvəsi”nə yürüşə başlanılıb.
Yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam edib, ərazidə düşərgə salınıb.
Qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, yürüş iştirakçıları tam heyətdə mayın 2-də “Heydər zirvəsi”nə qalxaraq Ümummilli Liderin əziz xatirəsini yad ediblər və zirvədə Azərbaycanın Dövlət Bayrağını ucaldıblar.