Xəbər lenti

Bakı şəhər İcra Hakimiyyətində müşavirə keçirildi
 

Bakı Şəhər İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Reklam Agentliyi, Bakı Nəqliyyat Agentliyi rəhbər nümayəndələrinin, Şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.

 

Bakı şəhər İcra Hakimiyyətindən  verilən məlumata görə, müşavirədə ölkə rəhbərinin siyasəti nəticəsində Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyi qeyd edilmiş, paytaxtın mərkəzi hissəsində vəziyyətin nümunəvi olduğu vurğulanmış, bəzi ətraf ərazilərdə, xüsusilə əhalinin, ticarət obyektlərinin və nəqliyyat vasitələrinin sıx olduğu ərazilərdə bir sıra problemlərin mövcud olduğu bildirilib.

Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanin tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxtın sıxlıq müşahidə olunan ətraf ərazilərində yanğın təhlükəsizliyinin təmin olunması, yanğınsöndürmə nəqliyyat vasitələrinin obyektlərə sərbəst yetişməsi, tıxacların aradan qaldırılması və bu ərazilərin memarlıq üslubunun və estetik görünüşünün müasir standartlar səviyyəsinə çatdırılması məqsədilə müvafiq tədbirlər görüləcək. Bu məqsədlə aidiyatı qurumların nümayəndələrindən ibarət qərargah yaradılıb. Qərargah üzvləri artıq küçələrin və buradaki obyektlərin inventarlaşmasına başlayıblar. İlkin olaraq Xətai rayonu, Məhəmməd Hadi küçəsi və Nizami rayonu Qara Qarayev prospektində bu işlərə başlanıb.

İnventarlaşmanın nəticəsinə uyğun müvafiq tədbirlər planı hazırlanıb həyata keçiriləcək.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı xüsusi vurğulayıb ki, ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq bu işlərin həyata keçirilməsi zamanı heç bir sahibkar zərər çəkməməli, onların mənafelərinə uyğun əməkdaşlıq olmalıdır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov