Ermənistanın əsir götürdüyü azərbaycanlı Elvin İbrahimov Erebuni tibb mərkəzində əməliyyat edilib.
Bizimaz.az xəbər verir ki, bu məlumatı Ermənistan Ədliyyə Nazirliyi yayıb. Əməliyyat aprelin 24-də baş tutub. Belə ki, əməliyyat nəticəsində onun mədəsindən yad cisim çıxarılıb. Hazırda İbrahimovun vəziyyətinin yaxşı olduğu vurğulanıb.
Qeyd edək ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistanın Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.
E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası isə əsir düşən E.İbrahimovun ruhi xəstə olması haqqında məlumat yayıb.